Rusiyada miqrantlarla bağlı qanunlar
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin işçi miqrantların ailələrini Rusiyaya gətirməməli olduqlarını bildirib. Bu açıqlama miqrasiya və qanunsuz qalma məsələlərinin müzakirəsi zamanı səsləndirilib. Ölkədə miqrantlarla bağlı qanunlar bu il sərtləşdirilib.
Mövzu ilə bağlı politoloq Fuad Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiyanın bugünkü vəziyyətdə birinci məqsədi müharibəyə inteqrasiya olmaq, həm iqtisadiyyatı, həm əhalini siyasi, psixoloji, mənəvi cəhətdən müharibənin qazanılması yönündə addım-addım hərəkət etməkdir:
"Ora gələn miqrantlar işləyirlər, öz ailələrini saxlayırlar, vətənlərinə pul göndərirlər, amma müharibədə iştirak etmək istəmirlər. Yəni Rusiyanın dövlət maraqlarına uyğun şəkildə addımlar atmırlar. Belə olduğu təqdirdə Rusiyanın strateji hədəfləri ondan ibarət olur ki, əgər miqrantlar bu gün gəlib ölkənin həm siyasi, həm iqtisadi, həm mədəni sahələrində iştirak edirlərsə, cəbhəyə isə rus vətəndaşları göndərilirsə, növbəti mərhələdə miqrantlar rus əhalisinin yerinə gələcəklər və gələcəkdə Rusiya qırğızların, qazaxların, özbəkləri, taciklərin, azərbaycanlıların, gürcülərin, ermənilərin ölkəsinə çevriləcək. Bu da Rusiyaya sərf etmir. Strateji olaraq, bu Rusiya əhalisində demoqrafiyanın dəyişməsinə səbəb olacaq. Buna yol verməmək üçün Rusiya belə addımlar atır".
Politoloq həmçinin qeyd edib ki, təsəvvür edək ki, öz ölkəmizdə müxtəlif ölkələrdən gələn miqrantlar ucuz mallar satır, yerli əhali isə işsiz qalır:
"Sahibkarlar, əlbəttə, ucuz işçi qüvvəsini seçəcəklər. Belə olduğu halda əhalinin öz maraqları tapdalanmış olur. Rusiyanın yerində biz də olsaydıq, məcburi şəkildə bunun qarşısını almalı idik. Rusiya Sovet İttifaqı dağılandan bəri Qazaxıstan, Özbəkistan, Qırğızstan, Tacikistan və s. 15 respublikanın hamısından müxtəlif sayda miqrantlar gəliblər və həyat şəraitlərini yaxşılaşdırmağı düşünüblər. Əvvəllər nə patent almaq lazım idi, nə iş icazəsi. Heç bir şeyə ehtiyac olmadan Rusiyaya gəlir, pulunu qazanır, vətəninə göndərirdi. Oğurluq və cinayət hallarına da rast gəlinib. Yəni bunlar Rusiyanın dövlət maraqlarına uyğun olmadığı üçün haqq qazandırmaq olar. Yeni qanun dəyişikliklərinin miqrant-işçi qüvvəsi üzərində iqtisadi-sosial təsirinə inanmıram. Rusların tələb etdiyi sadəcə bunları qanuniləşdirməkdir. Miqrantların müəyyən statistikasını aparmaq, onların müəyyən iş fəaliyyətlərini tənzimləmək, hansı sahələrdə mütəxəssis və ya işçi-fəhlə lazımdırsa, o sahələrdə insanları qəbul etmək. Bunu xaotik köç deyil, nəzarətdə saxlanılmış bir miqrasiya şəklinə salmaq istəyirlər. Rusiyanın başlıca miqrant kütləsi Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan kimi Orta Asiya ölkələrindən gəlir, Azərbaycan, Ermənistandan, Gürcüstandan gələnlər 90-cı illərdəki qədər deyil. 90-cı illərdə gəlmiş azərbaycanlıların açdığı ticarət, iaşə, xidmət sektorunda Orta Asiyadan gəlmiş insanlar işləyirlər. Bizimkilər orada bir sahibkar kimi gələn miqrantlara iş yerləri açırlar. Bu qərar miqrant gələn ölkələrlə münasibətlərə müsbət təsir etməyəcək. O ölkələrdən Rusiyaya gedən miqrantlar, külli miqdarda, milyardlarla dollar həcmində həmin ölkələrin büdcələrinə təsir edəcək dərəcədə ailələrinə vəsait göndərirlər. Bu da bir anda azalanda və ya kəsiləndə həmin ölkələrdə müəyyən iqtisadi çətinliklər, demoqrafik problemlər yaranacaq və bunların həlli üçün o ölkələr Rusiyaya müraciət edəcəklər. Əmək miqrasiyası münasibətlərində bir az daha yumşalma, nəyinsə qarşılığında nəyisə almağı tələb edəcəklər. Rusiya da özünə uyğun bir bazar yaradır və bu bazara uyğun müştəri axtarır. Bildirik ki, yaratdığımız bazarda bizim şərtlərimizə uyğun addım atacaqsınız. Əgər attığınız addımlar bizim şərtlərimizə uyğun deyilsə, gedin başqa ölkələrdə və ya öz ölkənizdə qalın. Vyaçeslav Volodinin miqrasiya qanunvericiliyini nəzarətə alması və onları yeni qanunvericiliklə tənzimləməsi dövlətin maraqları çərçivəsindədir".
Politoloq əlavə olaraq qeyd edib ki, işçi miqrantların ailələrinin gətirilməməsi mövzusu isə tamamən başqadır:
"Burada söhbət ondan gedir ki, əgər miqrant gəlirsə, işləyib geri qayıtmalıdır. Yəni heç bir miqrantın Rusiyaya gələrək vətəndaşlıq alıb orada yaşamasına icazə vermək istəmirlər. İndiyə qədər miqrantlar gəlirdilər, 3–5 ay arası qalıb sonra öz ailəsini də gətirirdi. Ailəsi orada Rusiya hökumətinin açıdığı dövlət məktəblərinə, universitetlərinə gedirdi, daha sonra dövlət işlərinə qatılırdı. Bütün bunlar Rusiyada demoqrafik olaraq rusların deyil, gələn miqrantların uşaqlarının üstünlük təşkil etdiyini göstərirdi, çünki bununla ciddi şəkildə məşğul olunmayıb. Amma bundan sonra Rusiya bildirir ki, miqrant gəlsin, işləsin və getsin. Rusiya qanunvericiliyinə görə, büdcədən ayrılmış məktəblər, bağçalar, xidmət, səhiyyə sektoru ölkə vətəndaşı olan və ya olmayan hər kəs üçündür. Ona görə miqrant gəlib Rusiyanın bütün xidmətlərindən yararlanır, bu da nəticə etibarı ilə ölkədə demoqrafik narazılığa gətirib çıxarır. Bu narazılıq son illərdə Rusiyanın şovinizm təbliğatı nəticəsində daha da artıb".
Billurə Quliyeva