Rusiyada “Snapchat”a giriş bloklanıb
Rusiyada “Snapchat” tətbiqinə onun vasitəsilə cinayət törədildiyi iddiası səbəbilə giriş qadağan edilib.
Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) tərəfindən verilən açıqlamada, oktyabr ayından bəri “Snapchat”da yaşanan giriş problemlərinə dair qiymətləndirmələrə yer verilib.
Açıqlamada tətbiq vasitəsilə cinayət törədildiyi iddia olunaraq belə deyilib:
“Snapchat ölkədə terror fəaliyyətlərini təşkil etmək və həyata keçirmək, icraçıları cəlb etmək, həmçinin vətəndaşlarımıza qarşı dələduzluq və digər cinayətləri törətmək üçün istifadə olunur”.
Bildirilir ki, məhz bu səbəbdən tətbiqə giriş qadağan edilib.
Roskomnadzor eyni əsasla bu gün “FaceTime” tətbiqinə də giriş məhdudiyyəti qoyub. Bundan əvvəl isə ölkədə “Facebook”, “X (Twitter)”, “TikTok”, “YouTube” və “Instagram” kimi sosial media platformalarına da giriş bloklanıb.
TRT XƏBƏR
Lalə Qurbanlı