Rusiyada WhatsApp-ın mərhələli şəkildə bloklanmağa başladığı açıqlanıb
Rusiyada qanunları pozduğu səbəbi ilə WhatsApp-ın mərhələli şəkildə bloklanmağa başladığı bildirilib.
Rusiyanın Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiya Nəzarət İdarəsi (Roskomnadzor) rus xəbər agentliyi TASS-a verdiyi açıqlamada, bu gün WhatsApp-da yaşanan giriş problemləri ilə bağlı qiymətləndirmələrə yer verib.
Açıqlamada WhatsApp-ın rus qanunlarını pozmağa davam etdiyi qeyd edilərək bildirilir: “Bu mesajlaşma tətbiqi ölkədə terror aktları təşkil etmək, törədənləri işə götürmək, vətəndaşlarımıza qarşı fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə olunur”.
Rusiyanın həmin cinayətlərin qarşısını almaq üçün atdığı addımlara WhatsApp-ın uyğunlaşmadığı vurğulanaraq əlavə olunur: “Buna görə də, WhatsApp-a qarşı davamlı məhdudlaşdırıcı tədbirlər görürük. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq olunur və istifadəçilərin digər mesajlaşma tətbiqlərinə keçməsinə imkan verilir”.
Açıqlamada vətəndaşların yerli mesajlaşma tətbiqlərinə keçməli olduğu və WhatsApp-ın Rus qanunvericiliyinə uyğunlaşmaması halında tamamilə bloklanacağı qeyd edilib.
Rusiyada təhlükəsizlik və fırıldaqçılıqla mübarizə məqsədilə WhatsApp və Telegram üzərindən zənglər məhdudlaşdırılır, bir müddət əvvəl istifadəyə verilmiş MAX isə, əsasən dövlət qurumlarında olmaqla, sürətlə yayılmağa başlayıb.
TRT XƏBƏR
Lalə Qurbanlı