Rusiyanın HHM sistemləri yaxşı işləməyib
"Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün 200-ə yaxın ABŞ qüvvəsi paytaxt Karakasda olub. Lakin Rusiyanın hava hücumundan müdafiə vasitələri o qədər də yaxşı işləmirdi, elə deyilmi?" bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Şakir Ağayev bildirib ki, bu, ABŞ Müdafiə Nazirliyinin yaydığı məlumatdır:
"Təbii ki, bölgədə Rusiyaya məxsus hərbi-hava qüvvələrindən istifadə olunub. ABŞ həmin ərazidə bütün sistemləri - elektrik enerjisini, texnologiyanı və infrastrukturu sıradan çıxarıb. Belə bir vəziyyətdə hava qüvvələrinin normal fəaliyyət göstərməsi mümkün deyil. Üstəlik, oradakı hərbi-hava qüvvələri köhnə texnika ilə təchiz olunub və bu səbəbdən effektivlik aşağıdır. Bu proses eyni zamanda dünyaya ünvanlanan bir mesaj xarakteri daşıyır. Hərbi sənaye məhsullarının satışı, silah bazarında üstünlük uğrunda ciddi informasiya müharibəsi gedir. ABŞ bu yolla öz hərbi-hava qüvvələrinin üstünlüyünü göstərməyə və qlobal miqyasda silah satışını artırmağa çalışır. Bu cür məlumatların yayılması ABŞ dövlətinin maraqları baxımından təbii sayılır".
Həmçinin müsahib qeyd edib ki, Maduronu ABŞ qüvvələrinin ələ keçirməsi beynəlxalq hüquq baxımından ümumiyyətlə izah edilə bilmir:
"Burada nə beynəlxalq hüquqdan, nə də daxili hüquqdan danışmaq mümkündür, bütün hüquqi normalar açıq şəkildə pozulur. Ağ ev sözçüsünün son bəyanatları da göstərir ki, artıq beynəlxalq hüquqa istinad edilmir. BMT-də Venesuela ilə bağlı keçirilən iclasda tanınmış amerikalı iqtisadçı alim Saks da çıxış edərək beynəlxalq hüquq normalarının pozulduğunu açıq şəkildə vurğulayıb. Bu, qətiyyən xoş hal deyil və gələcək üçün təhlükəli presedent yaradır. Təəssüf ki, beynəlxalq hüquq öz funksiyasını itirir və proseslər güc üzərindən aparılır. Azərbaycan Prezidentinin jurnalistlərə verdiyi müsahibədə vurğuladığı kimi, artıq beynəlxalq hüquq işləmir, güc kimdədirsə, onunla hesablaşırlar və milli maraqlar məhz bu güc üzərindən həyata keçirilir".
Qəmər Kazımzadə
