Rusiyanın öz ərazisindəki dağılmalar onun sonu olacaq
“Artıq 1il 8aydan artıqdır ki, dünyada Rusiya-Ukrayna müharibəsi gedir. Bu müddət ərzində Rusiyada minlərlə xarici şirkətlər bağlandı, və ölkə böyük sanksiya altına düşdü”.
Bu sözləri İnformator.az-a açıqlamasında politoloq Elşad Həsənov söyləyib. Politoloq deyir ki, hazırda Rusiyada çox böyük sayda işsizlər ordusu yaranıb.
“Belə bir halda Rusiya öz yanacağını Hindistana, Çinə ucuz qiymətə satır, bununla belə gəlir əldə edə bilmir, özünün iqtisadiyyatını get-gedə batırırdı. İqtisadiyyat güclü olmayanda da siyasət zəifləyir. Təbii ki, bütün güclü siyasətin arxasında, daim böyük iqtisadiyyat dayanır. Ancaq Rusiyada müharibə başlayandan bu günə qədər iqtisadiyyat çökməyə başlayıb”.
Politoloq qeyd edir ki, Rusiyanın regionlara büdcə vəsaiti xeyli azalacaq.
“Hazırda Rusiyada hərbi zavodlar üçnövbəli işləyir. Ancaq bununla belə, onun hərbi sənayesinə belə ciddi ziyan dəyib, cəbhədəki itkilərin qarşısı alınmır. İndi 50-dən artıq ölkə Ukraynaya kömək məqsədi ilə birgə fəaliyyət göstərir. Rusiya 2024-cü ilə çökmüş vəziyyətdə daxil olacaq”.
Elşad Həsənov düşünür ki, ABŞ-ın siyasətinin nəticəsidir ki, Rusiya öz çöküşünü yaşayır.
“ABŞ-ın apardığı siyasətin nəticəsidir ki, Rusiya özünü hegemon dövlət kimi saxlaya bilmədi. Rusiyanın öz ərazisindəki dağılmalar onun sonu olacaq. Rusiya indi çalışır ki, dünyanın digər yerlərində də münaqişə zolaqları artsın, müharibələr baş qaldırsın. Amma bu vəziyyətdə onun yeni siyasi addım atması gözlənilmir”.
Azər Abuşov
