Rusiyanın son yüz ildə hücum etdiyi 19 ölkə
“Avropa İttifaqının xarici işlər xidmətinin rəhbəri Kaya Kallasın Rusiyaya qarşı yeni çıxışı dəhşətlidir”.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kaya Kallasın son 100 ildə Rusiyanın 19 ölkəyə hücum etməsi barədə açıqlamasını şərh edərkən deyib.
“Bəzən belə şeylərə münasibət bildirməyə məcbur oluruq. Kaya Kallasın dünənki dəhşətli çıxışını, Rusiyanın son 100 ildə 19 ölkəyə, bəzilərinə isə 3-4 dəfə hücum etməsi barədə iddiasını şərhsiz qoymaq olmaz. Bu, bəyanat vətəndaşlarımızı şoka salıb. Ölkəmizin tarixini yaxşı bilirik. Kimin neçə dəfə bizə hücum etdiyini xatırlayırıq. İkinci Dünya müharibəsini də yaxşı xatırlayırıq. Hər bir ölkədən olan hərbi birləşmələrin nələr etdiyini, harada yerləşdirildiyini də xatırlayırıq”, - o qeyd edib.
Xatırladaq ki, mümkün Rusiya-Ukrayna sülh sazişində danışarkən Kaya Kallas belə söyləmişdi:
“İstənilən sülh Ukraynanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və özünümüdafiə hüququna əsaslanmalıdır. Unutmaq olmaz ki, Rusiya son 100 ildə 19 ölkəyə hücum edib, bəzilərinə 3-4 dəfə. Halbuki bu ölkələrdən heç biri Rusiyaya hücum etməmişdi. İndi Ukraynada sülh haqqında düşünərkən, öyrənilməli olan dərs budur”.
Avropa İttifaqının baş diplomatı hansı ölkələrdən danışdığını dəqiqləşdirməsə də, söhbətin birbaşa hücumların olduğu bu ölkələrdən getdiyini təxmin etmək olar: Finlandiya (1939-1940), Estoniya, Latviya və Litva (1940), Ukrayna (2014-22), Gürcüstan (2008), Moldova (1992), Yaponiya (1945), Əfqanıstan (1979-1989), Azərbaycan (1990-cı illər - Ermənistanla birlikdə), Çexoslovakiya (1968), Polşa (1939), İran (1941) və sair.Bunlardan başqa, Rusiya (və ya SSRİ) ayrı-ayrı dövrlərdə Latın Amerikası, Asiya, Afrika və Yaxın Şərq ölkələrində baş verən hərbi-siyasi proseslər və müharibələrə proksi qüvvələri vasitəsilə və ya birbaşa hərbi-siyasi müdaxilələr həyata keçirib.