Səfərdə keçən illər, qazanılan zəfərlər: Qarabağ FK
Adı “Qarabağ” olan bir komanda var. O, sadəcə bir futbol klubu deyil, bir xalqın dirəniş simvoludur. Çünki “Qarabağ” adı gələndə, bir millətin ruhu hərəkətə gəlir.
Yaranma tarixi
1950-ci illərin əvvəlində Ağdam şəhər stadionunun tikilib istifadəyə verilməsi ilə şəhərdə mütəmadi fəaliyyət göstərən komandaya ehtiyac duyulur. Qısa zamanda yaradılan komanda ilk vaxtlar “Məhsul”, “Şəfəq” və “Kooperator” adları ilə çıxış edir. Müəyyən dövrlərdə baxımsızlıq üzündən fasilələr yaransa da, 1987-ci ildən etibarən komanda artıq mövcud tarixi irs üzərində qurulmuş müasir kimliyi ilə, yəni “Qarabağ” adı ilə çıxış etməyə başlayır. Klub ilk böyük uğurunu hələ Azərbaycan SSRİ-nin tərkibində ikən, 1988-ci ildə Azərbaycan çempionu olmaqla qazanır.
İşğal, çempionluq və yeni başlanğıc
1993-cü il, iyulun 23-də Ağdam rayonu işğal olunur. Həmin zaman oyun gedərkən aparıcı elan edir ki, “işğal olunmuş rayonumuzun komandası ölkə çempionu oldu.” Bu hadisə sevinc və kədərin bir arada yaşandığı unikal bir an idi. Çünki qələbə və itki eyni anda baş vermişdi. 1993-cü ildə klub həm çempionluğu, həm də ölkə kubokunu qazanaraq futbol tariximizdə ilk “Qızıl dubl”un müəllifi olur.
2001-ci ilə qədər klub ciddi maddi çətinliklər yaşayır, aparıcı futbolçularını itirərək "qaçqın klub" kimi fəaliyyət göstərirdi. Lakin həmin ildən klub "Azərsun Holding”-in idarəçiliyinə daxil olur. Şirkətin prezidenti Abdulbari Qoozalın şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll edilir və heyət bərpa olunur. 2003-cü ildə isə Tahir Gözel komandanın vitse-prezidenti təyin edilir və onun gəlişi ilə klubun tarixində yeni səhifə açılır. Məhz Tahir Gözelin təşəbbüsü ilə 2004-cü ildə komandanın tarixi adı özünə qaytarılır və onun İngiltərədə xüsusi dizaynerlərə hazırlatdırdığı, rəmzimiz olan atların təsvir edildiyi yeni loqotip təqdim olunur.
Qurban Qurbanov dövrü: Avropaya uzanan yol
2008-ci ildən isə klubun sükanı arxasına keçən Qurban Qurbanov qısa müddət ərzində komandaya həm taktiki, həm də psixoloji baxımdan güc qazandırır. Onun rəhbərliyi altında “Qarabağ” sabit nəticələr verən, Avropa səviyyəsində oynaya bilən bir komandaya çevrilib.
Klub indiyədək 12 dəfə ölkə çempionluğu və 8 dəfə ölkə kubokunu qazanaraq rekordları yeniləyib. Üstəlik, ardıcıl 12 dəfə UEFA-nın klub turnirlərinin əsas mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda tarix yazıb.
"İmarət" – sədaqətin simvolu
“Qarabağ” azarkeşləri sadəcə futbolla maraqlanan şəxslər deyil. Onlar üçün bu klub doğma yurdun bir parçasıdır. “İmarət” fan qrupu da bu sevginin rəmzidir. Bu ad 1993-cü ildə dağıdılmış Ağdam stadionuna istinad edir. Hətta 80-ci və 90-cı illərdə belə bir ifadə deyilirdi: “Bombalar yağdı İmarətə, azarkeş tərk etmədi səni!” Azarkeşlər üçün “Qarabağ” dedikdə təkcə futbol yox, həm də azadlıq, vətən, qürur yada düşür.
Niyə "Köhlən atlar"?
"Qarabağ"ın futbolçularını tez-tez "Köhlən atlar" adlandırırlar və bu ad təsadüfi seçilməyib. Çünki Qarabağ atları çox məşhurdur, öz sürəti, gözəlliyi və dözümlülüyü ilə hətta ərəb atlarını bilə geridə qoyur. Vaxtilə Ağdamda da atçılıq zavodu var idi və bu bölgədə yetişdirilən atlar unikal manevr qabiliyyətinə, asiləşmiş, ramolunmaz xarakterə malik idilər. Meydanda sona qədər mübarizə aparan, maneələrə baxmayaraq yorulmadan qələbəyə qaçan futbolçular məhz bu asiləşmiş, ramolunmaz köhlənlərin sürətini və sarsılmaz döyüşkən ruhunu simvolizə edirlər.
Avropa uğurları
“Qarabağ” UEFA Avropa və Çempionlar Liqasında nəhəng klublara rəqib olub. 2017/18-ci illər mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Çelsi", "Atletiko Madrid" və "Roma" ilə mübarizə apararaq dünyada öz adından söz etdirib.
Ən son, 2025/26-cı illər mövsümündə isə Çempionlar Liqasının yeni liqa mərhələsində 8 oyun keçirən komandamız “Benfika”, “Kopenhagen” və “Ayntraxt”a qalib gəlib, “Çelsi” ilə heç-heçə edərək 10 xal toplayıb. Liqa mərhələsini 22-ci pillədə başa vuran “Qarabağ” pley-offa yüksəlməklə Azərbaycan futbolu tarixində növbəti böyük bir ilkə imza atıb.
Zəfər ruhu və azad Ağdam
“Qarabağ” adı bizlər üçün dərin rəmz daşıyır, o, həm itkinin, həm də dönüşün adıdır. 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən sonra bu ad yeni nəfəs aldı. Elə buna görə də, hər oyunun 44-cü dəqiqəsində tribunalar bir səslə hayqırır: “Şəhidlər ölməz, Vətən bölünməz!” Bu gün Qarabağ azaddır, Ağdam azaddır. Bu azadlıq komandaya da güc verir.
30 mövsüm doğma yurdundan uzaqda çıxış edən "Qarabağ" Azərbaycan futbol tarixində silinməz izlər qoyub və tarixi yazmağa davam edir. Çünki "Köhlən atlar" meydana təkcə qələbə qazanmaq üçün deyil, bir xalqın yaddaşını və qürurunu yaşatmaq üçün də çıxırlar.
Samirə Allahverdizadə