Sükut qorxusu – sedefoobiya
İnsanlar adətən sakitliyi rahatlıq, dinclik və düşüncə üçün ən uyğun şərait hesab edirlər. Lakin bəziləri üçün tam səssizlik narahatlıq, təşviş və hətta qorxu yaradır. Psixologiyada bu hal sedefoobiya – yəni sükutdan qorxma kimi izah olunur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Günel Əkbərova bildirib ki, cəmiyyətimizdə “sükut qorxusu” çox yayılıb, amma nə bu vəziyyəti yaşayan insanlar, nə də ətrafdakılar bunun fərqinə varır:
"Çox vaxt biz onları şən, deyib-gülən, əyləncəli insanlar kimi tanıyırıq. Əslində isə onların daxillərində dərin bir tənhalıq və kədər gizlənir. Bu insanlar sakit mühitdə qala bilmirlər. Evdə tək olanda mütləq televizor açır, musiqi qoyur və ya danışmağa adam axtarırlar. Çoxluq içində də ən çox zarafat edən, sükut yaranan kimi söhbəti davam etdirən məhz onlardır. Çünki onların içində bir qorxu var: “Əgər sakitlik olsa, nəsə pis bir şey baş verə bilər".Bu fobiya adətən travmalardan yaranır. Misal üçün, uşaqlıqda valideynin cəza üsulu kimi uşağı qaranlıq və sakit otaqda qoyması, yaxud sakit bir axşamda qəfil pis xəbər eşidilməsi. Şüuraltı bu sakitliyi təhlükə ilə əlaqələndirir və insan gələcəkdə hər cür sükutdan qaçmağa başlayır.Belə insanlar çox danışan, çox gülən, şən obrazda yadda qalırlar. Amma əslində, özləri ilə üz-üzə qalmaqdan qorxurlar. Münasibətlərdə də bu fobiya tez üzə çıxır. Partnyor bir müddət uzaqlaşanda, yazmayanda və ya zəng etməyəndə həmin insan dərhal təşvişə düşür, tez-tez yazmağa, zəng etməyə başlayır. Nəticədə münasibətlərdə gərginlik və uğursuzluq halları çox olur".
Həmçinin psixoloq bu fobiya ilə bağlı insanların nə etməli olduğunu da qeyd edib:
"İlk addım – qorxunu qəbul etməkdir: “Mən niyə sükutdan qorxuram?” sualını vermək lazımdır, özünə zaman tanımaq: əvvəlcə 3 dəqiqə, sonra 5 dəqiqə sakit mühitdə qalmaqla bu qorxuya alışmaq mümkündür. Meditasiya və yoqa məşqləri etməkdə məsləhətlidir. Əgər qorxu çox güclüdürsə və insan sakit mühitdə qalanda dərhal qaçmağa çalışırsa, bu artıq dərin travmanın göstəricisidir. Belə halda professional psixoloq dəstəyinə ehtiyac var. Koqnitiv terapiya və ya EMDR kimi üsullar kömək edə bilər.Sonda qeyd etmək lazımdır ki, biz cəmiyyətdə çox vaxt belə insanları “şən, əyləncəli” kimi görürük, amma onların böyük bir hissəsi – əslində, səksən faizi – sükut fobiyasından əziyyət çəkir. Onların şənliyi çox vaxt daxildə gizlənmiş tənhalığın üzərinə çəkilmiş pərdədir".
Qəmər Kazımzadə
