00:00:00
Yazar
Admin User
04.12.2025 17:08 96 3 dəq oxuma
Siyasət

“Sülhə aparan yol görünməyə başlayıb”

“Sülhə aparan yol görünməyə başlayıb”

Dünya indi açıq şəkildə hiss edir ki, müharibəni dayandırmaq üçün fürsət var və buna görə də aktiv danışıqlar Rusiyaya təzyiqlə dəstəklənməlidir. Bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində deyib. Zelenski qeyd edib ki, Avropanın Ukraynanın müdafiəsində və müharibədən sonrakı təhlükəsizliyin təmin edilməsində fəal iştirakı indi vacibdir:

 

“Biz müharibəni bitirmək üçün səylərimizi maksimuma çatdırırıq. Ukrayna tərəfində heç bir maneə və ya gecikmə olmayacaq. Biz tamamilə konstruktivik, tərəfdaşlarımızla çox çevik işləyirik və hamı, o cümlədən ABŞ tərəfi bunu qeyd edib”. 

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlama edib:

 

“Şərqi Avropada üç ildir davam edən müharibənin sonuna yaxınlaşmaqla bağlı ciddi ümidlər və ehtimallar yaranır. Bu dəfə proses daha çox ABŞ-nin səyləri sayəsində yox, başqa geosiyasi faktorların təsiri ilə formalaşır. Hazırkı ABŞ hakimiyyəti – Donald Tramp administrasiyası – əvvəlki administrasiyadan fərqli olaraq, müharibənin bitməsində daha çox maraqlıdır. ABŞ-nin bu marağı bir neçə amillə bağlıdır. Birincisi, Vaşinqton Rusiyayla münasibətlərin daha da gərginləşməsini istəmir. İkincisi, ABŞ Rusiyanın iqtisadi əlaqələrində maraqlıdır. Üçüncüsü, müharibə başa çatdıqdan sonra ABŞ diqqətini Yaxın Şərqdəki proseslərə yönəltməyi planlaşdırır. Dördüncüsü, Vaşinqton müharibə bitdikdən sonra Ukraynaya böyük investisiya yatırmaq niyyətindədir. Əlavə olaraq, Tramp öz çıxışlarında tez-tez “mən 7-8 müharibəyə son qoymuşam” deyərək dünyada sülh yaradan lider obrazını formalaşdırmağa çalışır. O, vaxtilə Nobel Sülh Mükafatına da iddialı olub. Buna görə də ABŞ həm Rusiya, həm də Ukrayna ilə təmasları qoruyur, hər iki tərəfə təzyiq göstərir”. 

 

K. Novruzov qeyd edib ki, Ukraynaya qarşı əsas təzyiq vasitəsi hərbi yardımın dayandırılması və ya gecikdirilməsidir:

 

“Bununla Vaşinqton Kiyevi daha ehtiyatlı davranmağa vadar edir. Digər tərəfdən, ABŞ Avropaya Rusiya qazından imtina etməyi diktə edir və Rusiyanın enerji şirkətlərinə sanksiyalar tətbiq edir. Lakin əsas maneə Avropanın mövqeyidir. Avropa hazırda Rusiyadan ucuz enerji aldığı üçün müharibənin bitməsini istəmir; çünki sülhdən sonra bu imkanı itirəcəyindən ehtiyatlanır. İkincisi, Avropa narahatdır ki, müharibə bitərsə, Rusiyanın növbəti hədəfi hansısa Avropa ölkəsi ola bilər. Bunun səbəbi Rusiyanın Şərqi Avropada strateji üstünlüyə malik olmasıdır.

 

Bununla yanaşı, müharibə Rusiyaya çox baha başa gəlib və ölkə iqtisadiyyatı zəifləyib. Cəmiyyət yorulub, lakin müharibə şəraitində xalq adətən hakimiyyətə qarşı çıxmır. Müharibə bitsə, xalqın etiraz ehtimalı yüksəkdir. Vladimir Putin də bunu anlayır və ehtimal olunur ki, diqqəti yayındırmaq üçün gələcəkdə başqa bir hərbi qarşıdurmaya başlaya bilər. Danışıqlar getsə də, müharibənin hər an genişlənə biləcəyi də istisna deyil. Avropa ABŞ-nin danışıqlarda nəticə əldə etdiyini görsə, təxribatçı addımlarını artırmağa çalışa bilər. Bu, Ukraynaya daha müasir silahların verilməsi, Avropa ordularından qoşun göndərilməsi, yaxud Rusiyanı açıq hədələyən addımlar şəklində özünü göstərə bilər. Hətta bəzi Avropa ölkələrinin Rusiyaya müharibə elan etməsi və ya hansısa dövlətin “qurban” kimi seçilməsi belə mümkün ssenarilər sırasındadır”. 

 

Müsahibimiz son olaraq açıqlamasında bildirib ki, bundan başqa, Cənubi Qafqazda – Ermənistan və Gürcüstan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açılması ehtimalı da zaman-zaman gündəmə gəlir:

 

“Azərbaycanla bağlı risk azdır, çünki nə Avropanın Bakıya təzyiq imkanı böyükdür, nə də Azərbaycan diplomatiyası belə təxribatlara gedəcək qədər zəifdir. Müharibə bitsə, Ukraynanın daxili siyasi mənzərəsində də ciddi dəyişikliklər gözlənilir. Çox güman ki, Prezident Volodimir Zelenski istefa verəcək və ölkəni tərk edəcək. Onun yerinə gələcək namizədlər arasında Ukraynanın keçmiş baş komandanı Valeri Zalujnının adı daha çox çəkilir. ABŞ-nin irəli sürdüyü şərtlərlə sülh sazişinə imza atmaq Zelenski üçün siyasi intihar ola bilər. Bu səbəbdən sülhdən əvvəl hakimiyyət dəyişikliyi ehtimalı yüksək qiymətləndirilir.

 

Rusiyada isə müharibə bitərsə, Putinin hakimiyyətdə qalması sual altına düşə bilər. Ölkədə yeni siyasi dövr başlaya və xalqın kütləvi etirazları mümkündür. Sanksiyalar aradan qalxsa belə, Rusiya iqtisadiyyatının özünü toparlaması üçün uzun müddət tələb olunacaq. Hazırkı proseslərin fonunda qarşıdakı bir həftə–on gün son dərəcə həlledici hesab olunur. Həm Ukrayna daxilində siyasi silkələnmələr, həm də müharibənin genişlənmə riski gündəmdə qalmaqdadır”. 

 

Ləman Mahmudlu 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər