"Sülh çağırışlarından hərbi əməliyyata"
2025-ci ildə dünyaya sülh çağırışları edən ABŞ yeni ilin ilk hərbi əməliyyatını başlatdı. Hər kəsə məlumdur ki, 2023-cü ilin 13 Okyabrında Misirdə "Qəzza sülh" sammiti, o cümlədən Azərbaycan və Ermənistan arasında tərəfdaşlıq və sülh danışıqlarının inkişafı üçün imzalanan müqavilə, Rusiya - Ukrayna müharibəsini sonlandırmaq istəyi və bu kimi siyasi addımlarla ABŞ yaddaşlara həkk olunmuşdu. Lakin ABŞ-nin yeni ildə atdığı ilk addım bütün dünyanı bu istiqamətdə bir daha fikirləşməyə vadar edir.
"İnformator.az" xəbər saytı olaraq məsələnin geniş təhlili üçün müxtəlif politoloq və siyasi şərhçilərə suallar ünvanladıq.
Mövzu ilə əlaqədar saytımıza danışan politoloq Tural İsmayılov bu əməliyyatın başlama səbəblərindən bəhs edib:
"ABŞ-nin Venesuela istiqamətində mümkün əməliyyatları ilk növbədə strateji səbəblərlə izah olunur. Venesuela təkcə siyasi baxımdan deyil, enerji resursları, regional təsir imkanları və Rusiya-İran-Çin xətti ilə yaxınlığı səbəbindən Vaşinqton üçün həssas zonadır. ABŞ uzun illərdir ki, bu ölkədə rejim dəyişikliyini açıq müharibə yox, təzyiq, sanksiya, daxili destabilizasiya və məhdud xüsusi əməliyyatlar yolu ilə həyata keçirməyə çalışır. Burada məqsəd tam işğal yox, idarə olunan zəiflətmədir. Bu cür proseslərin açıq müharibəyə çevrilməsi ehtimalı aşağıdır. ABŞ Latın Amerikasında genişmiqyaslı hərbi qarşıdurmanın beynəlxalq hüquqi, siyasi və iqtisadi nəticələrini hesablayır. Daha real ssenari “kontrollu eskalasiya”, yəni lokal hərəkətlər, kəşfiyyat əməliyyatları və siyasi təzyiqlərdir",-deyə o bildirib.
Politoloq böyük təşkilatların məsələ ilə bağlı atacağı addımlardan da söz açıb:
"BMT və beynəlxalq təşkilatların reaksiyasına gəlincə, onların təsir imkanları praktik olaraq məhduddur. Təhlükəsizlik Şurasında veto mexanizmi böyük güclərin hərəkət azadlığını qoruyur. Bu qurumlar daha çox prosesləri legitimləşdirmək və ya yumşaltmaq funksiyası daşıyır, dayandırmaq yox",-deyə T.İsmayılov əlavə edib.
Müsahibimiz Donald Trampın 2026-cı ildə atacağı siyasi addımların proqnozundan da söz açıb:
"Tramp amili xüsusi diqqət tələb edir. Onun “sülh gətirən lider” ritorikası əslində güc balansı üzərindən sülh anlayışına söykənir. Tramp üçün sülh müharibəsizlik deyil, qarşı tərəfin razı salınmasıdır. Bu baxımdan 2026-cı ildə onun administrasiyasından daha sərt, lakin ölçülüb-biçilmiş addımlar gözləmək məntiqlidir. Nəticə etibarilə, dünya klassik dünya müharibələri mərhələsinə yox, davamlı regional qarşıdurmalar dövrünə daxil olur. Güc mərkəzləri birbaşa toqquşmadan qaçır, amma təsir zonaları uğrunda mübarizə getdikcə sərtləşir. Bu, yeni dövrün əsas geosiyasi reallığıdır",-deyə o, fikirlərini yekunlaşdırıb.
Digər müsahibimiz politoloq İlyas Hüseynov da öz fikirlərini bizimlə bölüşüb:
"Yeni ilin ilk günlərində Amerika Birləşmiş Ştatları Venesuella ilə bağlı planlarını sanki yerinə yetirməkdədir və çox ciddi, ildırım sürətli əməliyyatla Venesuella Prezidenti Maduro və onun həyat yoldaşı saxlanılıb. Hətta yayılan məlumatlara görə, onlar iqamətgahlarında yox, malikanələrinin birində saxlanılıblar və oranı tərk edən zaman bu baş verib. Hətta Maduranın xahişi də yerinə yetirilməyib. Çünki o bildirib ki, həyat yoldaşı azad edilsin, özü saxlanılsın, lakin onun xahişi də təmin edilməyib. Bunu göstərir ki, ABŞ qarşısına qoyduğu bütün hədəflərə çatmaqda maraqlıdır və 2026-cı ildə də bu hədəflər genişlənəcək".
Politoloq ABŞ-nin BMT kimi böyük təşkilatların çağırışlarına baxmayaraq öz mövqeyindən dönməyəcəyini bildirib:
"Hesab edirəm ki, beynəlxalq təşkilatların, BMT-nin və digər institutların çağırış və müzakirələrinə baxmayaraq, ABŞ öz mövqeyindən dönməyəcək. Bu həm də dünyada diktaturaları qoruyan qüvvələrə də bir mesajdır. Rusiya, Çin və digər bu kimi ölkələr Maduranı himayə edir. Təbii ki, İran və İrandakı iğtişaşların heç də təsadüfi olmadığını da hesab etmək olar. Eyni zamanda, Venesualla böyük neft istehsalçısı olan ölkələrdən biridir. Bu həbsin baş tutması həm də dünyanın neft bazarına təsir edəcəkdir. Əgər ABŞ Venesuelanın neft ehtiyatlarına yiyələnsə, nəinki Latın Amerikası hövzəsində, o cümlədən bütün dünyada öz şərtlərini diktə edəcək. Beləliklə, ABŞ-nin bu cür aqressiv hərbi militarist siyasəti kəşfiyyat orqanlarının gücü ilə toplanmış məlumatlarla keçirilən əməliyyatlar, həm də ABŞ-nin yeni ildə gücünü artırır, Rusiya və onun ətrafında olan dövlətlərə də ABŞ bununla mesaj verir ki, hərbi əməliyyatları bu cür ildırım sürəti ilə həyata keçirməklə məqsədə nail olmaq olar. Çünki Rusiya artıq bir neçə ildir ki, Ukrayna bataqlığın tutub və bu cür fəaliyyəti ilə Tramp həm də şəxsi gücünü və ABŞ-nin dünya hegemoniya gücünü təmin etməyə çalışır",-deyə o, fikirlərini yekunlaşdırıb.
Politoloqların səsləndirdiyi fikirləri təhlil etdikdə belə qənaətə gəlmək olar ki, ABŞ-nin Venesuela istiqamətində atdığı addımlar sülh ritorikasından çox, güc balansına əsaslanan qlobal strategiyanın tərkib hissəsidir. Vaşinqton açıq müharibədən yayınaraq kontrollu eskalasiya və təzyiq mexanizmləri ilə həm enerji resurslarına nəzarəti gücləndirməyə, həm də Rusiya və onun müttəfiqlərinə mesaj verməyə çalışır. Bu proses bir daha göstərir ki, beynəlxalq təşkilatların təsir imkanları məhduddur və dünya getdikcə lokal, amma davamlı geosiyasi qarşıdurmalar mərhələsinə daxil olur.
Mayıl Soltan
