Sülh planı üçün danışıqlar ABŞ-də başlayıb
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, müharibənin dayandırılması üçün hazırlanan sülh planını müzakirə etmək məqsədi ilə ABŞ-də keçirilən toplantının başladığını bildirib.
Umerov sosial media hesabı vasitəsilə etdiyi paylaşımında, ABŞ-nin Rusiya-Ukrayna müharibəsini bitirmək məqsədi ilə hazırladığı sülh planı üzərində işi davam etdirmək üçün görüşmənin ABŞ-də başladığını bildirib.
Sözügedən toplantının ədalətli sülhün təmin edilməsi üçün keçirildiyini vurğulayan Umerov, “Ukrayna Dövlət Başçısı (Volodimir Zelenski) ilə daim əlaqə saxlayıram”,- ifadəsini işlədib.
Umerov, sülh planına dair danışıqların daha əvvəl İsveçrənin Cenevrə şəhərində keçirildiyini xatırladaraq, bunları qeyd edib:
“Dəqiq təlimat və prioritetlərimiz var: Ukraynanın maraqlarının qorunması, konkret dialoq və Cenevrədə əldə edilən nailiyyətlərə əsaslanaraq irəliləmək. Ukrayna üçün real sülh və təmin edilmiş təhlükəsizlik üçün çalışırıq”.
Umerov, bu gün keçiriləcək görüşmələrlə bağlı Zelenskiyə məlumat verəcəyini bildirib.
Ukrayna Dövlət Başçısı Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi heyətin “sülh planını” müzakirə etmək üçün dünən ABŞ-yə yollandığını açıqlayıb.
TRT XƏBƏR
Lalə Qurbanlı