Sülh planı yekunlaşdırılır, ABŞ-yə göndəriləcək
Sülh planı 28 bənddən 20 bəndə endirilib,bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Zelenski qeyd edib ki, ABŞ müxtəlif məsələlərdə güzəştlər axtarır, ancaq ərazi məsələsində heç bir güzəşt yoxdur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Beynəlxalq münasibətlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirib ki, Amerika Birləşmiş Ştatları bu gün dünyanın ən güclü dövləti sayılsa da, onun təsir imkanlarının da müəyyən sərhədləri var:
"Xüsusilə öz regionundan uzaq, birbaşa ona aid olmayan məsələlərdə ABŞ nə qədər təsir və təzyiq göstərməyə çalışsa da, bunun real nəticələri çox vaxt sual altındadır. Ukrayna məsələsində də bunu görürük. Donald Tramp hakimiyyətə gəldiyi ilk günlərdən Ukraynaya qarşı müxtəlif təzyiqlər göstərsə də, Zelenski hakimiyyəti ölkəsinin maraqlarından çıxış etməyə davam edir və ABŞ-dən gələn “səni silahsız qoyacağıq, dəstəyi kəsəcəyik” tipli hədə-qorxulara baxmayaraq, geri addım atmır. Bununla belə, Ukraynanın Rusiya işğalına qarşı dirənişində ABŞ dəstəyi həlledici əhəmiyyət daşıyır. Bu dəstəyin davam etməsi Ukraynanın işini asanlaşdırır, dayandırılması isə vəziyyəti xeyli çətinləşdirə bilər. Ərazi məsələsində kompromisin olmaması danışıqların gedişini ciddi şəkildə zəiflədir və diplomatik prosesin effektivliyini sual altına qoyur. Burada tərəflərin fərqli maraqları ön plana çıxır: ABŞ öz strateji maraqlarına uyğun olaraq Ukraynanın nadir metallarla zəngin bölgələrində mövqelərini qorumağa çalışır; Ukrayna suverenliyini və ərazi bütövlüyünü maksimum dərəcədə saxlamağı və itirdiklərini geri qaytarmağı hədəfləyir; Rusiya isə işğalı sonadək aparmaqda və tam nəticə əldə etməkdə israrlıdır. Odur ki, danışıqların qarşısını kəsən əsas problem yalnız ərazi məsələsi deyil, tərəflərin bu məsələyə dair tamamilə fərqli yanaşmalarıdır. Bu yanaşmalardan biri dəyişmədikcə konkret nəticə əldə etmək çətin olacaq. Nəticə isə yalnız diplomatik dönüşlə və ya müharibənin yekun mərhələsində tərəflərdən birinin maksimalist siyasətindən imtina etməsi ilə mümkündür".
Qəmər Kazımzadə
