00:00:00
Yazar
Bəsti Nəsibova
14.10.2026 20:26 39 3 dəq oxuma
Mədəniyyət

Saatlı məscidi – Şuşanın yaddaşında yaşayan tarix

Saatlı məscidi – Şuşanın yaddaşında yaşayan tarix

Şuşanın tarixi küçələri ilə tanış olarkən qarşımıza çıxan hər bir qədim tikili özündə tarixi bir hekayə yaşadır. Bu hekayələrdən biri də şəhərin tanınmış memarlıq abidələrindən olan Saatlı məscidi ilə bağlıdır. Bu qədim tikili təkcə dini ibadət yeri olaraq deyil, həm də Şuşanın Azərbaycan xalqının tarixi, mədəniyyəti və mənəvi həyatı ilə necə sıx bağlı olduğunu göstərən qiymətli irs nümunəsidir.

Uzaqdan bizə tərəf boylanan Saatlı məscidinin maraqlı tarixçəsi var. Bu gün gördüyümüz məscid 1883-cü ildə görkəmli Qarabağ memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilib. Onu da bildirək ki, məscidin yerləşdiyi məkanın tarixi daha qədimdir. Hələ XVIII əsrdə Qarabağ xanı Pənahəli xan burada məscid və mədrəsə tikdirib. Həmin mədrəsədə isə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqifin dərs dediyi bildirilir. Təsəvvür edin ki, bu tarixi məkan əsrlər əvvəl həm azərbaycanlıların ibadət etdiyi, həm də elm və təhsil aldığı müqəddəs yerlərdən biridir.

Bəs görəsən məscidə nə üçün Saatlı adı verilib? Bu adın mənşəyi haradan götürülüb? Əsaslı faktlardan biri olaraq məscidin Şuşanın Saatlı məhəlləsində yerləşməsi göstərilir. Yəni abidənin adı şəhərin tarixi məhəlləsinin adından götürülüb. Bu da Şuşada məhəllə həyatının və şəhər ənənələrinin nə qədər güclü olduğunu göstərən maraqlı məqamlardandır.

Saatlı məscidi memarlıq xüsusiyyətlərinə görə də seçilir. Daş divarları, ibadət zalının quruluşu, bəzək elementləri və xüsusilə minarəsi binaya özünəməxsus görkəm verir. Kərbəlayi Səfixan Qarabağinin memarlıq üslubu bu abidədə aydın şəkildə hiss olunur. Məscid Şuşanın tarixi mənzərəsini tamamlayan, şəhərin dini və ictimai həyatını özündə əks etdirən tikililərdən biridir.

Digər milli mədəni irsimiz kimi bu tarixi abidə də Qarabağın işğal illərində yaşadığı ağır günlərdən kənarda qalmayıb. 1992-ci ildə Şuşanın işğalından sonra məscidə ciddi ziyan vurulub. Minarəsinin bir hissəsi dağıdılıb, interyerinə və memarlıq görünüşünə müdaxilələr edilib. Uzun illər baxımsız qalan abidə öz əvvəlki görkəmini itirib.

Şuşa erməni işğalından qurtulduqdan sonra Saatlı məscidində bərpa işləri aparılıb. Abidənin tarixi-memarlıq xüsusiyyətlərinin qorunmasına diqqət yetirilib və 2023-cü il mayın 10-da bərpadan sonra məscidin açılışı olub. Beləliklə, uzun illər zərər görmüş tarixi məkan yenidən öz əvvəlki mənəvi və mədəni həyatına qovuşub.

Bu məqamda bir maraqlı nüansı qeyd etmək yerinə düşər; Saatlı məscidinin tarixində bizi düşündürən bir neçə mühüm məqam var: Pənahəli xanın dövründən gələn tikinti ənənəsi, Molla Pənah Vaqifin adı ilə bağlı mədrəsə, Kərbəlayi Səfixan Qarabağinin memarlıq sənəti və bütün bunların Şuşanın Azərbaycan şəhəri kimi formalaşmış tarixi ilə vəhdəti. Bu abidə bizə bir daha xatırladır ki, tarixi irs yalnız daşlardan və divarlardan ibarət deyil. Onun arxasında bu qədim şəhərdə azərbaycanlıların həyatı, düşüncəsi, inancı və nəsillər boyu yaşatdığı yaddaş dayanır.

Saatlı məscidini qorumaq və gələcək nəsillərə çatdırmaq da məhz bu yaddaşı yaşatmaq deməkdir.

İlahə BAYINDIR– Tədqiqatçı

“Ziyalı Ocağı” İctimai Birliyinin sədri

#gündəm #yaddaşında #şuşanın #məscidi #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər