00:00:00
Yazar
Admin User
19.09.2025 17:46 109 3 dəq oxuma
Sosial

Sağlam gələcək naminə antinarkotik proqram

Sağlam gələcək naminə antinarkotik proqram

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” bu sahədə kompleks və məqsədyönlü mübarizə aparmaq üçün bir neçə əsas strategiyanı əhatə edir.


Məsələ ilə əlaqədar olaraq Milli Məclisin deputatı Pərvanə Vəliyeva "İnformator.az"a açıqlamasında bildirib ki, proqramda bu strategiya dörd əsas prioritet istiqamət üzrə qruplaşdırılıb:



"Təşkilati tədbirlər, Normativ hüquqi bazanın təkmilləşdirilməsi, Beynəlxalq tədbirlər və Profilaktika və maarifləndirmə tədbirləri.
Dövlət Proqramının ümumi məqsədi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını maarifləndirmə yolu ilə almaq, narkomaniyaya düçar olmuş şəxslərin müalicə və reabilitasiyası üçün yeni üsullar tətbiq etmək, normativ hüquqi bazanı təkmilləşdirmək və digər kompleks tədbirlər görməkdən ibarətdir. Təşkilati tədbirlər hüquq-mühafizə və səhiyyə orqanlarının fəaliyyətini gücləndirməyə və maddi-texniki bazanı möhkəmləndirməyə yönəlib. Belə ki, bu tədbirlər əməliyyat-axtarış və profilaktik tədbirlərin gücləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, narkotiklərin tədqiqatını aparan laboratoriyaların texniki təminatının yaxşılaşdırılması, “802 qaynar xətt” xidmətinin gücləndirilməsini və dövlət narkoloji tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini əhatə edir. Səhiyyə qurumlarının bu sahədə işini gücləndirmək məqsədilə yeni tibb və reabilitasiya mərkəzlərinin yaradılması, məcburi müalicə üçün yeni tibb müəssisəsinin fəaliyyətə başlaması, narkoloji xidmətin keyfiyyətini artırmaq üçün reabilitasiya mərkəzlərinin yaradılması və narkotik asılılığından əziyyət çəkənlər üçün psixoloji dəstək proqramlarının hazırlanması nəzərdə tutulur. Normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bu sahədə mübarizəni tənzimləyən qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılmasını hədəflənir. Belə ki, narkomanlığa qarşı mübarizə və qanunsuz dövriyyənin qarşısını almaq məqsədilə qanunvericilik təklifləri vermək, Narkomanlığa düçar olmuş şəxslərin müalicə və reabilitasiyası sahəsində qanunvericiliyi təkmilləşdirmək əsas prioritetlərdən hesab olunur. Bu məqsədlə 2025-2030-cu illər ərzində səhiyyə qanunvericiliyində də bir sıra məsələlər öz əksini tapmalıdır. Qanunvericilik səviyyəsində narkotik asılılığı olan şəxslərin müəyyən peşə və vəzifələrə işə qəbulunun qarşısını almaq üçün işəgötürənin məsuliyyətini artırmaq nəzərdə tutulur. 

Dövlət proqramına əsasən, artıq vətəndaşlara narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesi sadələşdiriləcək və bu xidməti “ASAN xidmət” mərkəzləri icra edəcək. Bu isə işəgötürülmə prosesində məcburi tələb olunan arayışın verilməsini vətəndaşlarımız üçün asanlaşdıracaq".


Son olaraq Pərvanə Vəliyeva bildirib ki, proqrama əsasən beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə qlobal problem olan narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını almaq, bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar və xarici ölkələrin müvafiq orqanları ilə əməkdaşlığı davam etdirmək nəzərdə tutulur:


"Profilaktika və Maarifləndirmə Tədbirləri çərçivəsində isə antinarkotik təbliğatının genişləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması yolu ilə problemin qarşısının alınmasına yönəlib. Bu strategiyaların həyata keçirilməsi ilə Dövlət Proqramı narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə davamlı və sistemli yanaşmanı təmin etməyi hədəfləyir.
Gözlənilən nəticə qeyri-tibb məqsədli narkotiklərin istifadəsinin qarşısını almaq və cəmiyyəti sağlam gələcəyə yönəltməkdir".


Aydan Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər