Sahibə Qafarova Cenevrədə PAİ-nin baş katibi ilə görüşüb
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 151-ci Assambleyası çərçivəsində təşkilatın baş katibi Martin Çunqonq ilə görüşüb. Görüşdə Azərbaycan Milli Məclisi ilə PAİ arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və gələcək istiqamətləri müzakirə olunub. Tərəflər bu kimi təmasların beynəlxalq dialoqun və parlament diplomatiyasının inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilib və Azərbaycanın bu sahədəki lider rolu qeyd olunub.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli bildirib ki, parlamentlərarası İttifaqla Azərbaycan arasında yaxşı əlaqələr var:
"Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ötən il Azərbaycanda olub və yüksək səviyyəli görüşlər keçirib. Milli Məclisin sədri Sahibə Qafarova baş katibi Martin Çunqonq ilə görüşünü də bu münasibətlərin davamı kimi dəyərləndirmək olar. Birləşmiş Millətlər Təşkilatı üzərinə düşən nissiyanın öhdəsindən gələ bilmədiyi üçün müxtəlif strukturlar və təşkilatlar yaranıb. Hər bir təşkilatın da öz təsir imkanları var. Dövlətin maraqları bütün tribunalardan istifadə etməyi zərurətə çevirib. Xüsusilə İkinci Dünya Müharibəsindən sonra formalaşmış dünya nizamın dağıldığı, yenisinin yaranmadığı bir zamanda bütün imkanlardan istifadə ehtiyacı həmişəkindən daha artıqdır. Bu mənada Azərbaycan parlamentinin beynəlxalq platformalarda aktiv iştirakı bütün bu prosesə öz töhfəsini verir".
Aişə Mustafayeva
