Sanksiyalar Rusiyanın tank istehsalını azalda bilməyib
Rusiya müharibədən əvvəlki ildə 100 tank istehsal edə bilirdisə, indi bu rəqəm 200-ə yüksəlib. Hətta Moskvanın silah-sursat istehsal həcmi Qərbinkindən 7 dəfə çoxdur. Bu iddia ilə məşhur “New-York Times” nəşri çıxış edib. Bildirilib ki, Qərbin sanksiyalarına baxmayaraq, Rusiya öz silah inventarını genişləndirməyə davam edir. Maraqlıdır, necə olur ki, bütün sanksiyalara baxmayaraq, Rusiya Qərbdən daha çox silah istehsal edə bilir? Bu məsələdə sanksiyalara rəğmən, hansı ölkələr Moskvanı dəstəkləyir?
Rusiya müharibədən öncə ilə 100 tank istehsal edə bilirdisə, indi isə bu rəqəm 200-dür. “New-York Times” iddiasına görə, Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların və ixrac nəzarətinin öhdəsindən gələ bilib. Artıq raket istehsalını müharibədən əvvəlki səviyyəyə qaldırıb. Hətta Qərb rəsmiləri Rusiyanın artilleriya mərmiləri istehsalını da illik iki milyon ədədə çatdırmaq istiqamətində irəlilədiyini bildirirlər. Bu isə Qərb kəşfiyyatının təxminlərindən iki dəfə çoxdur. Bundan əlavə, nəşr Rusiyanın bir ildən də az bir müddət ərzində bir sıra ölkələr vasitəsilə silah istehsalında vacib komponentlərin əldə edilməsi üçün ticarət şəbəkəsi yaratdığını bildirir. Ekspertlərin fikrincə isə Moskva ABŞ-ın ixrac nəzarətini öz kəşfiyyat şəbəkəsindən istifadə edərək dəf edib.
Digər tərəfdən, “New-York Times” nəşrinin iddiasına görə, təzyiqlər nəticəsində Rusiya indi ABŞ və Avropadan daha çox sursat istehsal edir. Hətta Estoniya Müdafiə Nazirliyinin nümayəndəsi Kusti Salm Rusiyanın hazırki sursat istehsalı həcminin Qərblə müqayisədə yeddi dəfə çox olduğunu deyib. Maraqlı məqam isə Rusiyanın istehsal xərclərinin də Qərblə müqayisədə dəfələrlə az olmasıdır. Buna səbəb kimi Moskvanın daha ucuz sursat əldə etmək naminə təhlükəsizlik və keyfiyyəti qurban verməsi göstərilib. Belə ki Qərb ölkələrinin 155 mm-lik artilleriya mərmisi istehsal etməsi üçün 5-6 min dollara lazım olduğu halda Moskva eyniçaplı 152 mm-lik mərmini təxminən 600 dollara istehsal edir.
Siyasi şərhçi Hasan Oktay məsələyə belə fikir bildirib: “Rusiya xərcləri necə azaldır? Bəli, vacib məsələdir. Çünki ümumiyyətlə, istehsalda maya dəyəri analizi aparıldıqda, işçi qüvvəsi, enerji girişi və xammal əlavə olunduqda bunun üzərinə maya dəyəri və mənfəət əlavə olunur və qiymət ortaya çıxır. Ona görə də müharibə ilə bağlı olduğu üçün Rusiya milli səfərbərlik kimi ifadə etdikləri bütün xammal ehtiyatlarını hərbi istehsala minimum əmək xərci, yəni işçi qüvvəsi xərci ilə ayıraraq xərcləri azaldaraq istehsal etdikləri tankların sayını artırıb. Müharibə şəraiti ölkələri yeni texnologiyalar tapmağa və aşağı xərclərlə sürətlə istehsal etməyə sövq edir”.
Bütün bunlara baxmayaraq, Rusiya hələ də bəzi çatışmazlıqlarla üzləşir və artıq əvvəlki nəhəng raket inventarına sahib deyil. Paralel olaraq isə Ukrayna artıq öz kritik infrastruktur obyektlərini və elektrik stansiyalarını daha yaxşı qoruya bilir.
Aysu
