Saxta zərgərlik bazarı: alıcılar necə aldadılır?
Son illərdə zərgərlik bazarında saxta məhsulların sayı artmaqda davam edir. Xüsusilə, sosial şəbəkələr və qeyri-rəsmi satış nöqtələri vasitəsilə təqdim olunan zinət əşyalarının bir qisminin keyfiyyəti və tərkibi alıcılar üçün ciddi suallar yaradır. Bir çox hallarda vətəndaşlar qızıl və ya gümüş adı ilə aldıqları məhsulların saxta olduğunu sonradan öyrənir və maddi zərərlə üzləşirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qiymətli metallar və qiymətli daşlar üzrə” Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, qiymətli metallar və qiymətli daşlarla bağlı saxtakarlıq faktlarına dair müraciətlər Azərbaycan Zərgərlər Assosiasiyasına nadir hallarda daxil olur:
“Bazarda fəaliyyət göstərən sahibkarların böyük əksəriyyəti qanunvericiliyin tələblərinə uyğun və şəffaf fəaliyyət göstərir. Bununla belə, ayrı-ayrı hallarda sui-istifadə cəhdləri ilə bağlı müraciətlər qeydə alınır. Rast gəlinən hallara məmulatın faktiki əyarının üzərində göstərilən əyardan aşağı olması, xüsusilə brilyant qaşlı məmulatlarda daşın çəkisinin olduğundan artıq göstərilməsi, həmçinin təbii qiymətli daş əvəzinə imitasiya daşların təqdim edilməsi daxildir. Bununla yanaşı, laboratoriya şəraitində yetişdirilmiş CVD və HPHT almazların təbii almaz kimi təqdim olunması hallarına da rast gəlinir. CVD-kimyəvi buxar çökdürülməsi, HPHT isə yüksək təzyiq və yüksək temperatur üsulu ilə laboratoriya şəraitində almaz yetişdirilməsi texnologiyasını ifadə edir. Bu kimi hallar alıcıların zinət əşyaları alarkən daha diqqətli olmasını zəruri edir. Azərbaycan Zərgərlər Assosiasiyası tərəfindən vətəndaşların maarifləndirilməsi istiqamətində işlər aparılır, müraciət edən şəxslər məmulatların keyfiyyət parametrlərinin müəyyən edilməsi məqsədilə müvafiq laboratoriyalara yönləndirilir və bu prosesdə onlara ödənişsiz şəkildə dəstək göstərilir. Sosial şəbəkələr üzərindən həyata keçirilən satışlar bu sahədə mövcud riskləri əhəmiyyətli dərəcədə artırır. Belə satışlarda bir çox hallarda məhsulun mənşəyi, faktiki tərkibi, dövlət əyar damğasının mövcudluğu, habelə daşların təbii, laboratoriya mənşəli və ya imitasiya olub-olmaması barədə etibarlı və yoxlanıla bilən məlumat təqdim edilmir.
Nəticədə alıcı məhsulu əsasən vizual təqdimat əsasında dəyərləndirir. Bu isə məhsulun real keyfiyyət göstəriciləri barədə yanlış təsəvvürün yaranmasına və aldadılma riskinin artmasına səbəb olur”.
Həmçinin mövzu ilə bağlı Rövşən Əmircanov bildirib ki, alıcılar ilk növbədə məmulatın üzərində Azərbaycan Respublikasının dövlət əyar damğasının olub-olmamasına diqqət yetirməlidirlər:
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunun 10.3-cü maddəsinə əsasən, xarici dövlət əyar damğasının tanınması halları istisna olmaqla, Azərbaycan Respublikasında istehsal edilmiş və ya satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanmalıdır. Qiymətli daş olan məmulatlarda isə beynəlxalq nüfuzlu qurumlar tərəfindən verilmiş sertifikatlara, daşın əsas xüsusiyyətlərinə, həmçinin onun təbii, laboratoriyada yetişdirilmiş və ya imitasiya məhsulu olub-olmamasına dair məlumatlara xüsusi diqqət yetirilməsi vacibdir. Alıcılar mümkün olduğu halda məhsulu etibarlı satış məntəqələrindən əldə etməli, məmulatla bağlı sənədləri tələb etməli və şübhə yarandıqda müvafiq laborator yoxlamaya müraciət etməlidirlər”.
Gövhər Mehyəddinova