00:00:00
Yazar
Admin User
12.09.2025 18:25 150 2 dəq oxuma
Sosial

Seçimlərin psixologiyası: daxili arzular və sosial gözləntilər arasında

Seçimlərin psixologiyası: daxili arzular və sosial gözləntilər arasında

 

Həyatımızda qarşılaşdığımız seçimlər bəzən sadəcə “doğru” və “yanlış” arasında deyil, daxili arzularımızla cəmiyyətin gözləntiləri arasında da olur. 

 

Mövzu ilə bağlı psixoloq Aydan Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, insan öz daxili arzularına, sosial gözləntilərə və ətrafın təsirinə görə qərar verir:

 

"Onların hər üçünün də ayrı-ayrılıqda təsiri var və tək birinin olması mümkün deyil. İnsanlar fərqlidir; bəziləri öz daxili arzularını üstün tutsalar da, bəziləri sosial gözləntiləri nəzərə alır. Qərar verməkdə çətinlik çəkən şəxslərin bu vəziyyəti uşaqlıqda düzgün seçim imkanlarının verilməməsi ilə bağlıdır. Uşaqlıqda hər şey asanlıqla təqdim olunubsa, gələcəkdə seçim qarşısında çətinlik yaşamaq ehtimalı artır, amma şəxsiyyət kimi tam formalaşmış insanlar qərar verməkdə çətinlik çəkmirlər. Daxili arzular, sosial gözləntilər və ətrafın təsiri arasında balans yaranır. Ətrafın təzyiqi insanlarda vicdan, qorxu və digər emosiyalar yaradır. Məsələn, bir insan başqası ilə konflikt yaşadıqda özünü anlaşılmamış hiss edir, geri addım atır və bəzi sözlərini içində saxlayır. Eyni hal daxili konfliktdə də baş verir – insan sanki özünü dinləmir, öz istəklərinə yox, ətrafın istəklərinə əsaslanır. Bu isə insanda özünə güvən, öz dəyəri, öz sevgisi, özünü qəbul etmə və ümumilikdə fərqindəlik baxımından problemlər yaradır.

Həyat seçimlərinin nəticəsi olaraq insanlar karyerasında istədiyi mövqeyə çata bilmir, münasibətlərində istədiyini yaşaya bilmir. Məsələn, sakit və romantik münasibət arzulayan şəxs valideynlərinin məsləhət gördüyü şəxslə ailə qurur. Nəticədə fərqli bir həyat yaşanır, psixoloji problemlər – özünə qapanma, depressiya, sosial təcrid, yuxu və qidalanma pozuntuları meydana çıxır".

 

 

Psixoloq vurğulayıb ki, cəmiyyətimizdə də bir çox insan bu vəziyyətdən əziyyət çəkir:

 

 "Mentalitetin bəzi müsbət tərəfləri olsa da, müəyyən hallarda o, daha çox mənfi nəticələrə gətirib çıxarır. İnsan öz daxili istəklərinə görə deyil, mentalitetin qaydalarına əsasən hərəkət etdikdə özünü itirir və həyatda yolunu tapa bilmir. Bu isə insanı içdən-içə yoran bir prosesdir. Seçimlərin nəticəsində yaranan peşmanlıq və ya rahatlıq hissi hər iki halda mümkündür. Bəziləri daxili səsini dinləyərək uğur qazanır, bəziləri ətrafın dediklərini nəzərə alaraq müsbət nəticə əldə edir. Amma əks nəticə də ola bilər. Həyatın qanunu budur – ya uğurlu olacaq, ya olmayacaq. Əsas məsələ şəxsiyyətin düzgün formalaşmasıdır. Əgər insan özünü inkişaf etdiribsə, hər bir hadisədə çıxış yolunu tapa biləcək".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər