Serbiyadan Azərbaycana birbaşa aviareyslərin açılmasının mümkün tarixi açıqlanıb
Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı ilin yay mövsümündə Belqrad–Bakı arasında birbaşa aviareyslərin işə düşməsi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Bu barədə aviaşirkətin baş direktoru İrji Marek Serbiyanın Radio Televiziyasına (RTS) açıqlama verib. Onun sözlərinə görə, aviaşirkət Avropada uçuş şəbəkəsini genişləndirməyi planlaşdırır və Tiflisdəki uğurlu nəticədən sonra Bakı növbəti istiqamət kimi nəzərdə tutulur. Qərarın yaxın vaxtlarda verilməsi gözlənilir.
Ayrıca, “Air Serbia” Yaxın Şərqə yeni reyslərin açılması imkanlarını da araşdırır. Şirkət həmçinin Qazaxıstanın “SCAT” aviaşirkəti ilə əməkdaşlıq çərçivəsində Astanadan Belqrada yeni uçuşların açıldığını, eləcə də 2026-cı ilin aprelində “Royal Jordanian Airlines” ilə Əmmandan reyslərin başlayacağını xatırladıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır:
"Birincisi, Air Serbia-nın Azərbaycana birbaşa uçuşlarının başlaması, Azərbaycanın hava nəqliyyatı siyasətində nisbi liberallaşmanın göstəricisidir. Bu addım, eyni zamanda uçuşların coğrafiyasının genişləndirilməsi, yeni istiqamətlərin açılması və ölkənin beynəlxalq əlçatanlığının artırılması baxımından müsbət bir inkişafdır. İkincisi, bu proses turizm sektoruna da müsbət təsir göstərə bilər. Xüsusilə də uçuşların mövsümi dövrlərdə həyata keçirilməsi nəzərdə tutulursa, bu, Azərbaycana gələn turistlərin sayını artıra bilər. Hərçənd ki, Serbiya nə Azərbaycanın əsas hədəf turizm bazarlarından biridir, nə də özü böyük turizm bazarı hesab olunur. Amma buna baxmayaraq, Serbiyadan Azərbaycana edilən turizm səfərlərində müəyyən artım müşahidə oluna bilər. Digər tərəfdən isə bu uçuşlar həm iqtisadi subyektlər, həm də adi vətəndaşlar üçün yeni imkanlar yaradır. Beynəlxalq və yerli təcrübə də göstərir ki, nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi münasibətlərin genişlənməsinə müəyyən dərəcədə töhfə verir.
Amma təsirin miqyası baxımından, düşünürəm ki, bu nəticələr nisbətən kiçik və lokal səviyyədə olacaq. Yəni, burada çox böyük iqtisadi faydalar və ya dərin dəyişikliklər gözləmək sadəlövhlük olar. Çünki Serbiya özü iqtisadi baxımdan nəhəng bazar deyil və təkcə hava nəqliyyatı əlaqələrinin qurulması bu ölkə ilə iqtisadi münasibətlərin sürətli artımına səbəb olmayacaq.
Nəticə etibarilə, bu yeni aviareys müsbət, lakin məhdud təsirli bir addımdır həm iqtisadi, həm də turizm baxımından faydalı olsa da, nəticələr ölçülü və real gözləntilər çərçivəsində qiymətləndirilməlidir".
Aişə Mustafayeva
