Serdar Kılıç və Ruben Rubinyan görüşü
2025-ci il sentyabrın 12-də Ermənistanın paytaxtı Yerevanda keçirilən görüşdə, Ermənistanın Milli Məclisi sədrinin müavini Ruben Rubinyan və Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç iki ölkə arasındakı normalizasiya prosesinin sürətləndirilməsi, qarşılıqlı sərhəd keçidlərinin asanlaşdırılması və regional əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov “İnformator.az”a bildirib ki, hazırkı görüş, iki ölkə arasında diplomatik əlaqələrin normallaşması istiqamətində mühüm bir addım olmaqla yanaşı, artıq altıncı dəfədir ki, keçirilən görüşlər zəncirinin davamıdır:
“Görüşlər nəticəsində tərəflər arasında müəyyən razılaşmalar formalaşıb. Bu razılaşmalara 3-cü ölkə vətəndaşlarının sərhədi keçməsi, texniki məsələlər və qarşılıqlı infrastruktur layihələrinin inkişafı daxildir. Xüsusilə, Qars–Gümrü dəmir yolu və elektrik xəttinin texniki təhlili, həmçinin analitik sahələrdə əməkdaşlıq bu görüşün əsas mövzularından olub. Bu hadisə, 8 avqustdan sonra baş verən önəmli regional hadisələr kontekstində xüsusilə diqqətəlayiqdir. Bu görüş Ermənistan–Türkiyə münasibətlərinin normallaşması üçün aparılan mühüm diplomatik təşəbbüslərdən biridir və bölgədə marağı olan dövlətlərin maraqlarına təsir göstərəcək. Bölgədə sülh və sabitlikdən yana olan qüvvələr bu münasibətlərin normallaşmasında maraqlıdırlar. Lakin Rusiya və İran kimi dövlətlər, Ermənistanın Türkiyə ilə münasibətlərinin sürətlə normallaşmasından məmnun deyillər. Onlar hesab edirlər ki, münasibətlər normallaşdıqda Türkiyənin Cənubi Qafqazda təsiri əhəmiyyətli dərəcədə artacaq. ABŞ isə Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır, çünki bu, Ermənistanın Rusiyadan iqtisadi asılılığını zəiflədəcəkdir. Görüşdə həmçinin Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə olunub, münasibətlərin normallaşmasında əsas faktorlardan biri məhz Ermənistanın bu dəhlizə münasibətidir. Türkiyə tərəfi də prosesdə açıq mövqeyini nümayiş etdirib və iqtisadi, nəqliyyat və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə dəstək göstərir. Bu tip görüşlər, yalnız Ermənistan–Türkiyə münasibətlərini deyil, həm də Cənubi Qafqaz regionunda regional balansı, enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyini, həmçinin böyük dövlətlərin maraqlarını birbaşa təsir edir”.
Fatimə Hüseynli