Seul Kamboca səfirini çağırıb
Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon Kambocanın səfiri Xuon Fon Rattanaka ölkəsində davam edən işəgötürmə dələduzluqları və Cənubi Koreya vətəndaşlarının saxlanılması ilə bağlı ciddi narahatlığını bildirib. Nazir Kamboca hökumətini bu cür cinayətlərə son qoymaq üçün “təcili və praktiki tədbirlər” görməyə çağırıb. Bu barədə Seulun Xarici İşlər Nazirliyinin bəyanatında məlumat verilib.
Bəyanata əsasən, səfir Seulun narahatlığını qəbul etdiyini və bu məsələni öz hökumətinə çatdıracağını bildirib. Kambocanın Seuldakı səfirliyi isə “Reuters”in mövzu ilə bağlı zənglərinə cavab verməyib.
Cənubi Koreya mediasının məlumatına görə, avqust ayında Kambocada işlə bağlı dələduzluq sxemi nəticəsində Cənubi Koreyalı bir universitet tələbəsi işgəncə verilərək öldürülüb.
Hadisələr fonunda Cənubi Koreyanın Xarici İşlər Nazirliyi paytaxt Pnompen üçün səyahət xəbərdarlığını gücləndirərək, təhlükəsizlik səbəbi ilə xüsusi xəbərdarlıq səviyyəsinə qaldırıb. Yeni qayda Koreya vaxtı ilə saat 21:00-da (GMT 12:00) qüvvəyə minib.
ANEWZ
Güllər Gülhüseynova