Seversk və Slavyansk üçün təhlükə artır
Ukraynanın şərq cəbhəsində gərginlik yüksəlməkdə davam edir. Rusiya qüvvələri son günlərdə Donetsk və Luqansk istiqamətlərində hücum əməliyyatlarını intensivləşdirib. Xüsusilə Seversk və Slavyansk ətrafında təzyiq artır ki, bu da bölgəni yenidən döyüşlərin əsas mərkəzinə çevirir.
Mövzu ilə bağlı politoloq Mütəllim Rəhimli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya Müdafiə Nazirliyinin hesabatına görə, onların hərbi bölmələri Ukraynanın mexanikləşdirilmiş, hava-desant, hücum və dağ hücum briqadalarını Stepanovka, Seversk, Slavyansk və digər rayonlarda məğlub edib:
“Bu inkişaf regional sabitliyi təhdid edir və beynəlxalq diplomatiyanı mürəkkəbləşdirir. Rusiya Mərkəzi Hərbi Dairəsinin artan hücumları Donetskin müxtəlif istiqamətlərində irəliləyişlərə səbəb olur. Mövcud situasiya Ukrayna müdafiə xətlərinin zəifləməsinə və taktik geri çəkilmələrə yol açır. Pokrovskun tam ələ keçirilməsi isə Slovyansk və Kramatorsk kimi mühüm şəhərlərə yol aça bilər. Ukrayna ordusu ciddi müqavimət göstərsə də, dron hücumları və dəqiq zərbələr Rusiyanın irəliləməsini yalnız qismən məhdudlaşdıra bilir. Seversk və Slavyansk istiqamətlərindəki hücumlar Donbasda yeni mühasirə riskləri yaradır. Rusiya qüvvələrinin Seversk daxilində daha tez görünməsi şəhərin müdafiə dayanıqlığını sual altına salır”.
Ekspert qeyd edib ki, bu hücumlar həm regionda güc balansını dəyişir, həm də beynəlxalq danışıqlar prosesini çətinləşdirir:
“Rusiya hərbi vəziyyəti öz xeyrinə dəyişərək danışıqlarda üstünlük qazanmağa çalışır. Lakin beynəlxalq reaksiyalar hələ də kifayət qədər adekvat deyil. Putin bir müddət əvvəl Donbasın hərbi yolla ələ keçirilməsinə hazır olduqlarını açıqlayıb. ABŞ və Avropa Birliyi eyni vaxtda Trampın sülh planını müzakirə edir. Bu proses NATO daxilində fikir ayrılıqlarını artırır, Rusiya isə cəbhədə az da olsa irəliləməyə davam edir. Qərb genişmiqyaslı müharibə riskinə görə birbaşa hərbi müdaxilədən çəkinir və əsasən diplomatik təzyiq, iqtisadi sanksiyalar və hüquqi mexanizmlərə üstünlük verir. Amma prosesin dinamikası göstərir ki, vəziyyət hələlik arzuolunan istiqamətdə inkişaf etmir”.
Fatimə Hüseynli
