00:00:00
Yazar
Admin User
04.12.2025 16:53 97 2 dəq oxuma
Dünya

Si Cinpin: “Dünya yol ayrıcındadır- Çin və Fransa məsuliyyət göstərməlidir”

Si Cinpin: “Dünya yol ayrıcındadır- Çin və Fransa məsuliyyət göstərməlidir”

Si Cinpin Pekində Emmanuel Makronla görüşdə bildirib ki, dünya böyük dəyişikliklər fonunda yol ayrıcındadır və Çinlə Fransa bu şəraitdə məsuliyyət göstərməlidir. O vurğulayıb ki, iki ölkə bərabərhüquqlu dialoq və qarşılıqlı əməkdaşlıqla strateji tərəfdaşlıq qurub və çoxqütblü dünya nizamının, həmçinin qarşılıqlı faydalı iqtisadi qloballaşmanın inkişafına birgə töhfə verməyə çalışır.

 

Mövzu ilə bağlıpolitoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Si Cinpinin Makronla görüşdə səsləndirdiyi “dünya yol ayrıcındadır” mesajı əslində Çin–Fransa yaxınlaşmasının çoxqütblü sistemdə formalaşan yeni güc balansına işarə edir:

 

“Pekin Parislə strateji dialoqu dərinləşdirməklə ABŞ-nin qlobal təsirini dolayı yolla balanslaşdırmaq, Avropa İttifaqı daxilində isə Vaşinqton xəttindən müəyyən dərəcədə fərqlənən “avropasentrik” siyasi mövqeyi gücləndirmək niyyətindədir. Bu, xüsusilə enerji təhlükəsizliyi, müdafiə sənayesi, yüksək texnologiyalar və yaşıl keçid sahələrində Çin kapitalının Avropa bazarına daha çevik girişinə imkan yarada bilər. Fransa isə Çinlə əməkdaşlıq etməklə həm Asiya regionunda öz mövqeyini möhkəmləndirir, həm də ABŞ-dən asılı olmayan müstəqil xarici siyasət görüntüsünü gücləndirir. Görüşün Avropa–Çin əlaqələrinə gətirə biləcəyi əsas yeniliklərdən biri siyasi risklərin yumşaldılması və iqtisadi əməkdaşlığın yeni formatlarda bərpasıdır. Son illərdə Brüssellə Pekin arasında gərginliyə səbəb olan ticarət disbalansı, texnoloji məhdudiyyətlər və Çin şirkətlərinə qarşı proteksionist tədbirlər fonunda Paris vasitəçi rolunu gücləndirə bilər. Makronun “strateji muxtariyyət” xəttinə uyğun olaraq Avropa İttifaqı Çinlə rəqabəti tam sərtləşdirmək əvəzinə sektoral əməkdaşlığa yönələ, xüsusilə süni intellekt, iqlim dəyişikliyi, enerji tranziti və farmaşütika kimi sahələrdə yeni mexanizmlər yaradıla bilər. Bu proses Pekinə Avropa içində daha əlçatan tərəfdaşlıq kanalları qazandırır. Çin–Fransa əməkdaşlığının Avropa–Asiya münasibətlərinə təsiri isə daha geniş geosiyasi çərçivədə qiymətləndirilir. Paris Pekinlə əməkdaşlığı artırdıqca, Avropa Asiya geosiyasətində təkcə ABŞ-Çin rəqabətinin passiv müşahidəçisi olmaqdan çıxıb, prosesə təsir göstərən üçüncü aktora çevrilir. Bu, Avropa ilə Şərqi Asiya arasında yeni diplomatik körpülərin formalaşmasına, Avropa şirkətlərinin Asiya bazarlarında daha güclü mövqelər qazanmasına və nəqliyyat-logistika layihələrində - o cümlədən Orta Dəhliz və Yeni İpək Yolu kimi təşəbbüslərdə daha fəal iştirakına yol aça bilər. Ümumilikdə Pekin-Paris sinxronizasiyası gələcək Avropa-Asiya münasibətlərində fragmentasiyanı azaldan, dialoqu genişləndirən və qlobal güc bölgüsündə çevikliyə səbəb olan mühüm faktor kimi qiymətləndirilə bilər”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər