Silahlı Qüvvələrin yaradılmasından 108 il ötür
Dövlət suverenliyini tam bərpa edən ölkəmiz bu şanlı tarixi xalq və ordunun sarsılmaz birliyi, böyük zəfərlərin gətirdiyi qürur hissi ilə qarşılayır. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Azərbaycanda ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev ölkədə hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib.
1992-ci il oktyabrın 9-da Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım olub. Ölkədə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyulub. Belə ki, Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edilib, vahid komandanlıq yaradılıb, hərc-mərcliyə son qoyulub və nizami ordu yaradılıb. Cəbhə bölgələrinə gedən Heydər Əliyev atəşkəsə nail olub. Bundan sonra isə müasir ordu quruculuğu fundamental əsaslarla inkişaf etməyə başlayıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub.
Mövzu ilə bağlı deputat Azər Allahverənov “İnformator.az”a açıqlamasında bildirib ki, dövlətin qüdrəti onun təhlükəsizliyini etibarlı şəkildə təmin edən güclü ordusunda təcəssüm olunur və Azərbaycan silahlı qüvvələrinin keçdiyi yol da məhz xalqın milli iradəsini, müstəqillik əzmini və vətənə bağlılığını əks etdirən şərəfli bir salnamədir:
“Bu baxımdan da hesab edirəm ki, Silahlı Qüvvələr Günü bu il əvvəlki illərdən fərqli olaraq tamamilə yeni bir tarixi-siyasi reallıq fonunda qeyd olunur. Azərbaycan artıq dövlət suverenliyini və konstitusiya quruluşunu bütün ərazilərində təmin edən bir ölkə kimi bu günü qeyd edir. Bu bayram həm mənəvi, həm də siyasi baxımdan xüsusi məna qazanır. Mənəvi baxımdan bu tarix şəhidlərimizin xatirəsinə ehtiramın, qazilərimizin fədakarlığının və Azərbaycan əsgərlərinin qəhrəmanlığının təntənəsidir. Cəmiyyət artıq ordunu təkcə təhlükəsizlik institutu kimi deyil, həm də dövlətçiliyimizin əsas dayaqlarından biri kimi qəbul edir ki, bu da, düşünürəm ki, Azərbaycan xalqının və bütövlükdə Azərbaycan dövlətinin çox mühüm, vacib bir nailiyyətidir. Siyasi baxımdan isə bu gün Azərbaycanın regionda formalaşdırdığı yeni təhlükəsizlik arxitekturasının mühüm elementidir. Azərbaycanın Silahlı Qüvvələri məhz ölkənin konstitusiya rejiminə təhdid yaradan separatçılığa son qoyulması, separatçılıq ocağının dağıdılması, torpaqların işğalçılardan azad olunması və nəticə etibarilə Azərbaycanın bir sabitlik adasına çevrilməsi ilə nəticələnib”.
Deputat vurğulayıb ki, bu gün Azərbaycanın yaratdığı bu siyasi reallıq, xüsusilə də o sabitlik, həm də bu gün geniş mənada Cənubi Qafqaz bölgəsinə sirayət etməkdədir:
“Zamanında əgər Azərbaycan bir sabitlik adası kimi tərənnüm olunurdusa, bu gün artıq Cənubi Qafqazın özü bütövlükdə sabitlik adası kimi tərənnüm olunmaqdadır. Bu da məhz Azərbaycanın Silahlı Qüvvələri hesabına baş verə biləcək bir hadisə idi ki, Azərbaycan Respublikası və Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanın həyata keçirdiyi ardıcıl siyasət məhz bu məntiqi nəticənin əldə olunmasına səbəb olub. Güclü ordu ölkənin müstəqil siyasət yürütmək imkanlarını artırıb. Milli maraqların müdafiəsinin bu gün çox uğurlu şəkildə təmin olunması istiqamətində də öz xidmətlərini göstərməkdədir, öz fəaliyyətini davam etdirməkdədir və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi, həm də ölkənin təhlükəsizlik arxitekturasından irəli gələrək yaratdığı ictimai-siyasi mühit, ölkənin imicinin və reputasiyasının güclənməsinə səbəb olur. Müasir dövrdə hərbi güc yalnız müharibə aparmaq vasitəsi deyil. Həm də sülhün və sabitliyin qorunmasının ən mühüm təminatlarından biridir ki, Azərbaycan Silahlı Qüvvələri bu vəzifənin öhdəsindən də layiqincə gəlir və bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın müxtəlif ölkələrində sülhməramlı kontingentlər tərkibində öz fəaliyyətini yüksək səviyyədə davam etdirməklə yanaşı, həm də dünyaya sülh quruculuğu mesajının uğurlu şəkildə verilməsinə səbəb olan bir fəaliyyət sərgiləməkdədir. Son illər Azərbaycan ordusunda həyata keçirilən sistemli islahatlar Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevirib. 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə həyata keçirilən əməliyyatlar ordunun yüksək peşəkarlığını, çevik idarəetmə sistemini və müasir döyüş qabiliyyətini nümayiş etdirib”.
Deputat Azər Allahverənov qeyd edib ki, hazırda diqqət təkcə silahlanmaya deyil, həm də komanda-idarəetmə sistemlərinin təkmilləşdirilməsinə, xüsusi təyinatlı qüvvələrin hazırlığına, pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silah sistemlərinin, elektron müharibə vasitələrinin və kəşfiyyat imkanlarının inkişafına yönəlib:
“Eyni zamanda müxtəlif ölkələrdə keçirilən birgə hərbi təlimlər şəxsi heyətin peşəkarlığının artırılmasına mühüm töhfə verir ki, bu da çox vacib və təqdirəlayiq bir haldır və biz bu təlimlərdə iştirakı həm də müxtəlif platformalar üzərindən həyata keçirildiyini görürük ki, bu da artıq Azərbaycanın Silahlı Qüvvələrinin peşəkarlığına verilən yüksək qiymət və həm də bir ehtiramdır. Bugünkü mərhələdə Azərbaycan ordusunun əsas vəzifəsi artıq işğal altındakı torpaqların azad olunması deyil, əldə olunmuş suverenliyin etibarlı şəkildə qorunması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və istənilən xarici təhdidə operativ cavab vermək qabiliyyətinin daha da gücləndirilməsidir ki, həm lokal şəkildə respublika müstəvisində, yəni torpaqların işğaldan azad olunması və orada təhlükəsizlik sisteminin etibarlı şəkildə qurulması istiqamətində bu gün Silahlı Qüvvələr fəaliyyətini davam etdirməkdədir. Daha geniş mənada isə biz bunu beynəlxalq müstəvidə də Azərbaycanın Silahlı Qüvvələrinin etibarlı hərbi bölmələrə, struktur vahidlərinə malik olan və çoxsəviyyəli, müxtəlif aspektli fəaliyyət müstəvisində öz xidmətini davam etdirən bir ordu qismində tərənnüm olunduğunu görürük”.
Həmçinin deputat Azər Allahverənov bildirib ki, xalq-ordu birliyi təsadüfi yaranmış bir fenomen deyil, uzun illər ərzində formalaşan milli həmrəyliyin nəticəsidir:
“Bu birliyin gələcək nəsillərə ötürülməsi məqsədyönlü dövlət siyasəti və ictimai fəaliyyətin həyata keçirilməsini zəruri edir. İlk növbədə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi daha da gücləndirilməlidir ki, bu istiqamətdə də ardıcıl olaraq ildən-ilə həyata keçirilən fəaliyyətlərin coğrafiyasının və məzmununun dəyişdiyini görürük. Yeni dövrün tələblərinə uyğun olaraq vətənpərvərlik mövzusu yeni-yeni çalarlarla zənginləşdirilir. Təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzularının, Azərbaycanın hərb tarixinin və qəhrəmanlıq salnaməsinin öyrənilməsinin genişləndirilməsi, şəhidlərin və qazilərin həyat yolu barədə gənclərə örnək nümunələrin təqdim olunması bütövlükdə bu istiqamətdə həyata keçirilməsi vacib sayıla bilən vəzifələrdəndir ki, biz bu istiqamətdə də çox mühüm işlərin ayrı-ayrı təhsil müəssisələri tərəfindən həyata keçirildiyini görürük. Burada sistemli və kompleks yanaşma var və onun müxtəlif məzmun istiqamətləri üzrə daha da dərinləşdirilməsinə, inkişaf etdirilməsinə və genişləndirilməsinə çox böyük imkanlar var. Bununla yanaşı, hərbi qulluqçuların sosial rifahının yüksəldilməsi, veteran və şəhid ailələrinə göstərilən dövlət qayğısının davam etdirilməsi cəmiyyətin orduya olan inamını daha da möhkəmləndirir və biz burada da məqsədyönlü siyasətin uğurla həyata keçirildiyini görürük. Media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları da ordunun uğurlarının obyektiv işıqlandırılması, milli birlik və dövlətçilik dəyərlərinin təbliği istiqamətində fəal rol oynayır ki, bu da fəaliyyətlərin nə qədər müxtəlif və rəngarəng olduğunu göstərir. Xüsusilə də qeyri-hökumət təşkilatlarının fəaliyyətində bu açıq-aşkar özünü büruzə verir. Nəticə etibarilə, xalq-ordu birliyinin qorunması yalnız təhlükəsizlik məsələsi deyil. Həm də milli kimliyin, dövlətçilik ənənələrinin və gələcək inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Güclü dövlət güclü orduya, güclü ordu isə xalqın etimadına və dəstəyinə söykənir”.
Son olaraq deputat bildirib ki, qarşılıqlı etimad Azərbaycanın gələcək təhlükəsizliyinin və dayanıqlı inkişafının əsas təminatlarından biri olaraq qalacaq. Bu isə hər bir vətəndaş üçün böyük qürur mənbəyidir. O bildirib ki, bu gün qəhrəman əsgərlərimizin xidmət etdiyi şanlı ordu daim dövlətimizin keşiyində dayanacaq, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü əbədi qoruyacaqdır:
"Odur ki, şəhidlərimizi bir daha böyük ehtiramla anırıq, qazilərimizə can sağlığı arzulayırıq. Yaşasın Müzəffər Ali Baş Komandan! Eşq olsun qüdrətli Azərbaycan ordusuna!”..
Günel Əlili