00:00:00
Yazar
Admin User
13.10.2023 17:54 911 4 dəq oxuma
Sosial

Sınaq imtahanları abituriyentlər üçün nə qədər əhəmiyyətlidir?

Sınaq imtahanları abituriyentlər üçün nə qədər əhəmiyyətlidir?

İmtahana hazırlaşan şagirdlərin, abituriyentlərin, hətta aşağı sinif şagirdlərinin belə tez-tez müraciət etdiyi hazırlıq vasitələrdən biri də sınaq imtahanlarıdır.
Əsasən, ali məktəbə hazırlaşan abituriyentlər imtahan tipi ilə tanış olmaq, vaxtı bölgüsünü öyrənmək üçün sınaq imtahanlarına gedirlər.
Bəs, sınaq imtahanları həqiqətən imtahan suallarını əks etdirir mi?
Sınaq imtahanlarının abituriyentlərə hansı faydaları var?
İnformator.az sözügedən məsələ ilə bağlı araşdırma edib.

 

Təhsil eksperti Kamran Əsədov informator.az-a açıqlamasında qeyd edir ki, sınaqda iştirak edən abituriyentlər imtahan vaxtı özlərini itirmirlər, testləri cavablandırarkən tələsmirlər və müəyyən metodlardan rahat istifadə edirlər. Ekspert deyir ki, sınaq bu vərdişləri inkişaf etdirir.

 

"Hər bir abituriyent öyrəndiklərini yoxlamaq üçün sınaq imtahanlarında mütəmadi olaraq iştirak edir. Bu təhsilin bir çox sahələrində də tətbiq olunur. Amma aparılan tədqiqatlar göstərir ki, gələcəkdə verəcəyin imtahanları verməmişdən əvvəl ona uyğun sınağa girmək vacibdir".

 

Kamran Əsədov əlavə edir ki, özünə inamın yaranması, hansı mövzuda zəif olduğunu bilmək, bilmədiklərini öyrənmək,imtahana kifayət qədər hazırlıqlı olmaq, imtahanı verərkən həyəcanın olmaması sınaqların bəzi əhəmiyyətli funksiyalarıdır.

 

"Bütün bunlar buna aid olan funksiyaların bir qismidir. Birinci funksiyada qeyd etdim ki, “özünə inamın yaranması”. Bu o demək deyil ki, sınaqda yüksək nəticə əldə etdikdən sonra özünə əmin olub heç bir dərs oxumayasan. Əksinə, imtahan öncəsi sınaq hansı mövzuda zəif olduğunu ortaya çıxartmaq, zəif nöqtələrini gücləndirmək üçün nəzərdə tutulub. Məsələn, DİM-in qəbul imtahanı üçün sınaq imtahanı verərkən burada III ixtisas qrupunda Tarix fənnindən az, Azərbaycan dilindən isə yüksək bal topladın, amma digər fənnlərdən az. Deməli, bundan nəticə çıxardıb həmin fənnləri yenidən nəzərdən keçirtmək və nədə səhv etdiyini bilmək vacibdir. Bu rakursdan baxdıqda sınaq imtahanlarının bu sahədə böyük əhəmiyyəti vardır".

 


“İmtahana kifayət qədər hazır olmaq”. Təbii ki, imtahana tam hazırlıqlı olmaq nadir hallarda mümkün olur.
Hər bir öyrəncinin bilmədiyi nəsə vardır". Müsahib əlavə edir ki, artıq bir çox abituriyent imtahandan öncə özünü bir neçə dəfə test edir, əgər sınaqlarda yaxşı nəticələr əldə edirsə, imtahanda həm həyəcandan xilas olur, həm də bir qədər əminlik olur.

 


Kamran Əsədov düşünür ki, tələbənin özünə tamamilə əmin olması heç də yaxşı əlamət deyil.

 

"İstənilən nöqteyi-nəzərdən baxsaq sınaqlar tələbəyə geniş imkanlar yaradır. Bu sahədə başqa bir məqamı vurğulamaq istərdim, elə tələbələr var ki, sınaqda yüksək bal yığdığı halda, imtahanda aşağı nəticə əldə edir. Əgər sınaqda yüksək nəticə əldə edirsə, deməli bu tələbənin biliyi var, sadəcə olaraq bunu tətbiq edə bilmir, yəni imtahan zamanı faydalanmır. Bu təbii ki, imtahan zamanı olan həyəcan və digər psixoloji təsirlərdən baş verə bilər. Fikrimcə, bu kimi tələbələr nə qədər çox sınaq imtahanlarına getsələr onlar üçün bir o qədər əhəmiyyətli olar".

 

İngilis dili müəllimi, repetitor Natəvan Musayeva isə informator.az-a açıqlamasında deyir ki, sınaq imtahanı öncə imtahan stresi idarəetməyə, vaxtı bölməyə kömək edir.

 

"Abituriyent sınaq imtahanından az bal yığarsa, ruhdan düşməməli əksinə, zəif olduğu mövzuları düzəltməyə çalışmalıdır. Yəni, sınaq imtahanları bu cəhətdən çox kömək edir. Abituriyentlər sınaq imtahanlarına dəfələrlə getməklə, səhvlərindən nəticə çıxarmaqla təxmin edə bilər ki, gələcəkdə imtahandan təxmini nə qədər bal toplayacaq, hansı ixtisasa yiyələnə bilər. Bütün sınaq imtahanları imtahan tipini tam əks etdirmir, ancaq mən "Güvən" kurslarının sınaqlarını tövsiyyə edirəm. Həqiqətən,bu kursların sınaq imtahanları imtahana oxşar suallardan ibarət olur".

 


Müəllim deyir ki, o, hər zaman şagirdlərinə sınaqlara getməyi məsləhət edir. Onun fikrinə görə, daim sınağa gedən, sınağın cavabından nəticə çıxaran abituriyentlər həmişə uğur qazana bilir.

 


"Ancaq müəllimlərin özlərinin sınaqlar təşkil etməsi ilə digər abituriyentlər də uğur qazana bilər. Yəni, mənim bəzi şagirdlərim var ki, heç sınaq imtahanlarına getməyib, ancaq mən onlara sınaq tipli testlər işlətmişəm, onlar da hər zaman bunun faydalarından danışır, deyirlər ki, işlədiyimiz həmin sınaqlar sayəsində sınaq imtahanlarına getməsək də, imtahanda sualları rahat cavablamışıq. Yəni, sınaq imtahanları müsbət effektini mütləq göstərir, bildiklərini formalaşdırır. Ümumiyyətlə, sınaq tətbiq deməkdir, tətbiqin də əhəmiyyəti böyükdür".

 

Məzun Gövhər Kamalova isə sınaqların faydalarının olduğunu deyir. Müsahib deyir ki, hər dəfə sınaq imtahanlarına gedəndə zəif olduğu mövzuları bilib və onun üzərində daha çox işləyib. Ancaq Gövhər Kamalova sınaqların imtahan tipini əks etdirmədiyini düşünür.

 


Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər