Səkkiz müharibəni həll etdik, doqquzuncusu...
ABŞ Prezidenti Donald Tramp tezliklə daha bir münaqişəyə son qoyacağını açıqlayıb, Ağ Ev rəhbəri dünya konfliktlərinin həllində yenə öz rolunun xüsusi əhəmiyyətini vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Donald Trampın hər hansı münaqişələri həll etməsi barədə fikirlər bir qədər şişirdilmiş mövzudur və bu şişirtmədə Trampın özü də maraqlıdır:
"Əslində onun birbaşa həll etdiyi ciddi münaqişə olmayıb. Sadəcə, ABŞ-nin vasitəçiliyi ilə müəyyən qarşıdurmaların yekun mərhələsinə çatdırılması prosesində iştirak edib və bunu öz adı ilə bağlayaraq sanki münaqişəni özü bitiribmiş kimi təqdim edir. Burada Trampın şəxsi maraqları aydın görünür. O, özünü dünyaya sülh yaradan lider kimi tanıtmağa, eyni zamanda ABŞ-nin beynəlxalq arenada “arbit” rolunu gücləndirməyə çalışır. Bütün bunlar fonunda Tramp özünü Nobel Sülh Mükafatına layiq bir lider kimi göstərmək istəyirdi. Lakin Nobel Komitəsi bu yanaşmanı bölüşmədi və mükafatı tamamilə başqa şəxsə təqdim etdi. Bu da göstərdi ki, Trampın “səkkiz münaqişəni həll edib, doqquzuncusunu həll etməyə yaxındır” kimi bəyanatları beynəlxalq aləmdə inandırıcı qəbul olunmur. Tramp özünə “sülh yaradan” imici formalaşdırmağa çalışsa da, reallıqda bu imici dəstəkləyən ciddi faktlar yoxdur. Əgər o, doğrudan da münaqişələri həll etmə qabiliyyətinə malikdirsə, qarşısında ən ciddi sınaq — Ukrayna müharibəsi dayanır. Bu müharibə bütün dünya iqtisadiyyatına sarsıdıcı təsir göstərir və Ukraynanın suveren hüquqlarını pozan bir proses kimi qiymətləndirilir.Tramp bu müharibənin həlli istiqamətində bəzi təşəbbüslər göstərsə də, həmin təşəbbüslər beynəlxalq hüquq və ədalət prinsiplərindən uzaqdır. O, Ukraynanın müəyyən ərazilərini Rusiyaya verməklə atəşkəsə nail olmaq istəyir. Bu isə sülh deyil, münaqişənin dondurulması və gələcək nəsillərə ötürülməsi deməkdir. Çünki Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri var və onların pozulması gələcəkdə yeni toqquşmaların başlanmasına səbəb ola bilər.Bütün bunlar onu göstərir ki, Trampın Ukrayna müharibəsi ilə bağlı sülh missiyası qüsurludur və beynəlxalq hüquq normalarının zəifləməsinə yol aça bilər. Görünən odur ki, onun “sülh yaratmaq” cəhdləri daha çox ABŞ-nin və özünün siyasi-iqtisadi maraqlarına xidmət edir. Buna görə də Donald Trampı real sülh yaradıcı qlobal lider kimi təqdim etmək düzgün olmaz — bu təsəvvür beynəlxalq ictimaiyyət üçün inandırıcı görünmür".
Qəmər Kazımzadə
