Şolz Avropada qazın qiymətinin artmasında Rusiyanı günahlandırıb
Almaniya kansleri Olaf Şolz enerji qiymətlərinin artmasında Rusiyanı günahlandırıb. Onun sözlərini Bild qəzeti yazır.
Almaniya Sosial Demokrat Partiyasının qurultayında çıxış edən kansler dünya bazarlarında qaza əvvəlkindən 10 dəfə çox pul ödəməli olduqlarını bildirib. “Avropanın enerji təchizatını dayandıran Rusiya idi, qaz tədarükünü dayandıran isə Rusiya prezidentidir”, - Şolz vurğulayıb.
Almaniya kansleri qeyd edib ki, qaz kəmərinin işləməsinə baxmayaraq, Rusiya qaz nəqlini dayandırıb. Olaf Şolz qeyd edib ki, bu səbəbdən ölkədə 120 milyard kubmetr qaz yoxa çıxıb. Vəziyyəti düzəltmək üçün Almaniya Norveçdən daha çox qaz almalı və LNG terminalları yaratmalı olub.
Bundan əvvəl Almaniya kansleri Olaf Şolz maliyyə çətinliklərinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz vermişdi. Scholz Almaniya və digər ölkələrin müttəfiq hərbi yardımını prezident Putinə siqnal adlandırıb.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva
