00:00:00
Yazar
Admin User
30.12.2025 16:58 80 2 dəq oxuma
Siyasət

Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib

Somali ərazi bütövlüyünə dəstəyə görə Azərbaycana təşəkkür edib

Somali Xarici İşlər Nazirliyinin Kommunikasiyalar şöbəsi direktorunun müavini Ahmed Qaaşan “X” sosial şəbəkəsində paylaşım edərək Azərbaycanın Somalinin suverenliyi, birliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkür edib. Bu açıqlama Azərbaycanın Xarici İşlər Nazirliyinin İsrailin Somaliləndi rəsmi şəkildə tanımasından sonra Somalinin ərazi bütövlüyünə dəstək ifadə etməsinin ardınca səsləndirilib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Tural İsmayılov bildirib ki, Azərbaycanın Somalinin suverenliyi, birliyi və ərazi bütövlüyünə açıq şəkildə dəstək verməsi təsadüfi diplomatik jest deyil, rəsmi Bakının illərdir ardıcıl şəkildə müdafiə etdiyi fundamental xarici siyasət prinsiplərinin məntiqi davamıdır:

 

“Bu mövqe, ilk növbədə, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı və suverenliyinə hörmət prinsipinə söykənir. Azərbaycan özü uzun illər beynəlxalq hüququn selektiv tətbiqindən əziyyət çəkmiş bir ölkə kimi separatizmə və birtərəfli tanınma cəhdlərinə qarşı prinsipial mövqe sərgiləyir. Somali məsələsində də eyni xəttin qorunması Bakının mövqeyinin situativ deyil, sistemli olduğunu göstərir.

Bu yanaşma eyni zamanda Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin növbəti praktik nümunəsi kimi qiymətləndirilə bilər. Rəsmi Bakı üçün beynəlxalq hüquq yalnız kağız üzərində istinad edilən norma deyil, konkret geosiyasi situasiyalarda davranış meyarıdır. Azərbaycanın İsrailin Somaliləndlə bağlı addımından sonra Somalinin ərazi bütövlüyünü açıq şəkildə müdafiə etməsi göstərir ki, Bakı üçün prinsip maraqdan, hüquq isə konyunkturadan üstündür. Bu, xüsusilə qlobal miqyasda “ikili standartlar”ın normaya çevrildiyi bir dövrdə diqqətçəkən və etibarlı mövqedir".

 

Həmçinin Tural İsmayılov bildirib ki, digər tərəfdən bu açıqlama Azərbaycanın Afrika ölkələri ilə münasibətlərinin inkişafı baxımından da strateji əhəmiyyət daşıyır:

 

“Afrika dövlətləri üçün suverenlik və ərazi bütövlüyü məsələsi son dərəcə həssas mövzudur və bu məsələdə prinsipial tərəfdaşlar xüsusi dəyər qazanır. Azərbaycanın Somaliyə verdiyi dəstək Bakının Afrikada etibarlı, balanslı və beynəlxalq hüquqa əsaslanan tərəfdaş kimi qəbul edilməsinə töhfə verir. Bu isə gələcəkdə siyasi dialoqun, iqtisadi əməkdaşlığın və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin genişlənməsi üçün ciddi diplomatik kapital deməkdir. Qısası, Azərbaycan bu mövqeyi ilə bir daha göstərir ki, onun xarici siyasəti emosiyaya yox, prinsipə, mövsümi manevrə yox, uzunmüddətli strateji baxışa söykənir. Bu da Bakını beynəlxalq sistemdə proqnozlaşdırılan və etibarlı aktora çevirən əsas amillərdəndir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər