"Son on ilin ən ölümcül hücumu"
Çin noyabr ayında avtomobillə törədilən hücumda azı 35 nəfərin ölümünə səbəb olmuş bir şəxsi edam edib. Bu hadisə son on ilin ən ölümcül hücumu hesab olunur.
62 yaşlı Fan Veyçiu Cənubi Çinin Zhuhai şəhərində bir stadionun qarşısında idman edən insanlara maşını ilə çırpılaraq onlarla insanı yaralamışdı.
Dövlət mediası, günlər sonra başqa bir hücuma görə ikinci bir şəxsin də edam edildiyini bildirib. 21 yaşlı Xu Ciajin, Şərqi Çinin Wuxi şəhərindəki universitetində bıçaqla etdiyi hücumda 8 nəfəri öldürüb.
Hakimiyyət orqanları bildirib ki, Fan boşanmasından sonra əmlak bölgüsü ilə bağlı “narazılıq” səbəbindən bu hücumu törədib. Xu isə “imtahan nəticələrinin zəif olması səbəbindən diplomunu ala bilmədikdən sonra” hücuma keçib.
Fan 11 noyabrda hadisə yerində saxlanılmışdı və polis onun özünə xəsarət yetirdiyini açıqlamışdı. Dekabr ayında Zhuhai Şəhər Aralıq Xalq Məhkəməsi onu "ictimai təhlükəsizliyə zərər vurmaqda" təqsirli bilmiş və motivlərini "son dərəcə alçaq", istifadə etdiyi metodları isə "xüsusilə qəddar" adlandırmışdı.
Onun edamı, məhkəmənin ölüm hökmü çıxarmasından bir ay keçməmiş, bazar ertəsi günü həyata keçirilib.
Xu-nun işi ilə bağlı polis, onun 16 noyabrda cinayətini "çək-çevir etmədən" etiraf etdiyini bildirib. O, 17 dekabrda ölüm cəzasına məhkum edilib. Məhkəmə onun cinayətini "xüsusilə pis" və "son dərəcə ciddi" adlandırıb.
İnsan haqları qrupları Çinin dünyada ən çox edam həyata keçirən ölkə olduğuna inanır. Hər il minlərlə insanın edam edildiyi düşünülür. Lakin Çin ölüm cəzası ilə bağlı məlumatları açıqlamadığı üçün etibarlı statistika mövcud deyil.
Mənbə: BBC
Nuray Qurbanlı
