Sonun başlanğıcı?
İsrail və Fələstinin sülhə gəlməyi gözlənərkən Qərb ölkələrinin Fələstini dövlət kimi tanımaq niyyəti İsrail hökumətində ciddi narahatlıq yaradıb. Baş nazir Benyamin Netanyahunun komandası bu qərarlara sərt reaksiya verib.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki,İsrailin sərt reaksiyalarına baxmayaraq, Avropa dövlətləri ilə İsrail arasında ciddi gərginlik yaşanmayacaq:
“Bu gərginlik səthi olacaq. Çünki, artıq Avropanın əksəriyyəti artıq Fələstini tanıyıb. Böyük Britaniya, Portuqaliya, Avstraliya və Kanada Fələstini müstəqil dövlət kimi tanıyıb. Böyük ehtimalla yaxın günlərdə Fransa da bu addımı atacaq. Fransa artıq bu barədə BMT-nin Təhlükəsizlik Şurasındakı debatlar zamanı bəyanat verib. Əgər İsrail bu tanımanı həyata keçirən dövlətlərə Britaniya, Kanada, Avstraliya, Fransa və digər aparıcı dövlətlərə təzyiq göstərmək istəsə, Avropa İttifaqının əlində təsir imkanları var. Belə ki, Avropa İttifaqı ilə İsrail arasında güzəştli ticarət sazişi mövcuddur və bu, İsrailə təqribən 40%-lik güzəşt verir. Bu razılaşmanın dayandırılması Avropa dövlətlərinin əlində güclü təzyiq vasitəsidir və bu, təxminən 6 milyard avro dəyərində zərər deməkdir. Bugünkü gündə Avropa dövlətləri ilə ABŞ arasında Rusiya–Ukrayna müharibəsinə görə müəyyən gərginlik var. Trampın ikinci dönəmi üçün verdiyi bəyanata görə, ABŞ artıq Avropanın təhlükəsizliyinə zəmanət vermək istəmir və Avropa ölkələri öz təhlükəsizliyini özü təmin etməlidir”.
Politoloq eyni zamanda açıqlamasında bildirib ki, Netanyahu hakmiyyəti istefaya gedə bilər :
“Çünki Qəzza bölgəsində quru əməliyyatlarından sonra İsrailə qarşı sanksiyaların tətbiqi, xüsusilə Avropa İttifaqı və ya BMT- dən gözləniləndir. Donald Trampın dediyinə görə, onlardan 40-ı həlak olub, 8-i sağdır. Bu isə Netanyahu hakimiyyəti üçün böyük faciədir və çox güman ki, yaxın günlərdə o bu məsələni siyasi məqsədlərlə istifadə edəcək”.
Bayramlı Zəri
