00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 23:16 111 2 dəq oxuma
Media

“Sosial media” dərs vəsaiti çapdan çıxdı

“Sosial media” dərs vəsaiti çapdan çıxdı

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının nəşri olan, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın müəllifi olduğu “Sosial media” dərs vəsaiti çapdan çıxdı.

 

“Sosial media” kitabı sosial medianın yaranma tarixini, inkişaf mərhələlərini və müasir cəmiyyətə təsirini elmi əsaslarla araşdırır. Nəşrdə internetin inkişaf dinamikası, ənənəvi mediadan yeni mediaya keçid prosesi, qlobal kommunikasiya sistemində baş verən dəyişikliklər, sosial medianın informasiya axınına təsiri, eləcə də rəqəmsal platformaların yaratdığı imkanlar və risklər geniş şəkildə təhlil edilir.

 

 

Kitabda internetin inkişafı ilə informasiya mühitində baş verən transformasiyalar, yeni medianın formalaşması və onun cəmiyyətin kommunikasiya vərdişlərinə təsiri izah edilir. Rəqəmsal platformalar coğrafi sərhədləri aradan qaldırdırır,insanlar arasında ünsiyyəti sürətləndirir,eyni zamanda informasiya təhlükəsizliyi və dezinformasiya ilə bağlı yeni çağırışlar yaradır.

 

Nəşrin əsas bölmələrində sosial medianın nəzəri əsasları, platformaların xüsusiyyətləri, məzmun paylaşımı (content sharing), auditoriya ilə əlaqələrin optimallaşdırılması və ictimaiyyətlə əlaqələr (PR) sahəsində sosial medianın tətbiqi məsələləri araşdırılır. Kitabda sosial medianın biznes, kommunikasiya və informasiya siyasətindəki rolu da elmi yanaşma əsasında təhlil edilir.

 

Müəllif sosial medianın yaratdığı aktual problemlərə də toxunur. Kitabda kiberzorakılıq, nifrət nitqi, virtual kimlik, dezinformasiya, saxta xəbərlər  və sosial media asılılığı kimi mövzular geniş şəkildə əksini tapır. Bununla yanaşı, media savadlılığının artırılmasının və istifadəçilərin rəqəmsal təhlükələr barədə maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılır.


Nəşr jurnalistika, kommunikasiya və media sahəsində təhsil alan tələbələr, tədqiqatçılar, media mütəxəssisləri və bu sahə ilə maraqlanan oxucular üçün faydalı elmi mənbədir.

 

Qeyd edək ki, “Sosial media” dərs vəsaitinin məsləhətçisi filologiya elmləri doktoru, professor Vüqar Əliyevdir. Nəşrin elmi redaktorları siyasi elmlər doktoru, professor Sabir Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, professor Həmid Vəliyevdir. Kitabın rəyçiləri isə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa İsgəndərova və filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Niftəliyevadır.

 

Kitabın ərsəyə gəlməsində filologiya üzrə fəlsəfə doktoru Şəhla Tahirqızı və siyasi elmlər üzrə fəlsəfə doktoru Qoşqar Bəylərovun mühüm əməyi olub.

Kitabın redaktorları jurnalistika fakültəsinin məzunları – tədqiqatçı-jurnalist Şəhanə Paşayeva və sosial media eksperti Nicat Abdullayevdir. 
Şəhanə Paşayeva Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında magistr təhsili aldığı dövrdə sosial media ilə bağlı praktiki nümunələrin toplanması və sistemləşdirilməsi istiqamətində mühüm rol oynayıb, nəşrin hazırlanması prosesində yaxından iştirak edib.

 

Elmira Ağayeva

#Sosialmedia #media #rəqəmsallıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər