00:00:00
Yazar
Ayan Sədi
07.07.2026 16:19 36 2 dəq oxuma
Media

Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik – Bakı Dövlət Universitetdə müzakirə

Sosial media ilə bağlı yeni tələblər və yeni dərslik – Bakı Dövlət Universitetdə müzakirə

“Azərbaycanda sosial media ilə bağlı yeni tələblər” Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində müzakirəyə çıxarıldı. 

 

Jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev ölkədə yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderinin fəaliyyətinə dair yeni qaydaların müəyyənləşdirilməsi barədə məlumat verdi. Bildirdi ki, dəyişiklik qüvvəyə mindikdən sonra siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi platformalarda 16 yaşı tamam olmamış şəxslərin fərdi rəqəmsal hesablar yaradılmasına yol verilməyəcək. 16-18 yaş arası uşaq üçün isə fərdi rəqəmsal hesab valideyni və ya qanuni nümayəndəsinin razılığı əsasında yaradıla bilər.

Daha sonra çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru, Pərvanə İbrahimova müasir dövrdə insanların əsas informasiya mənbələrindən biri olan sosial medianın operativ informasiya məkanı olmaqla yanaşı, dezinformasiyanın yayılmasında da mühüm rol oynadığını diqqətə çatdırdı. Pərvanə İbrahimova həmçinin qeyd etdi ki, artıq uşaqlar ibtidai sinif yaşlarından etibarən sosial şəbəkələrdə hesab açmağa maraq göstərirlər və bu səbəbdən onların rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması vacibdir.

BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli müzakirəyə çıxarılan məsələnin önəmini xüsusi vurğulayaq qanunvericiliyə dəyişiklikləri ölkədə rəqəmsal təhlükəsizlik siyasətinin yeni mərhələsinin başlanğıcı adlandırdı. 

 

Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova sözügedən  dəyişikliklərin yalnız hüquqi tənzimləmə deyil, həm də maarifləndirici əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Əlavə etdi ki, artıq valideynlər rəqəmsal mühitdəki riskləri daha yaxşı dərk edəcək, uşaqlar isə təhlükəsiz və məsuliyyətli internetdən istifadəyə vərdiş edəcəklər. 

Yeni media və kommunikasiya kafedrasının müdiri, dosent Xatirə Hüseynova isə çıxışında istənilən texnoloji alətin faydalı ola biləcəyini, lakin əsas məsələnin ondan düzgün istifadə etməyi bacarmaq olduğunu diqqətə çatdırdı.

Daha sonra söz siyasi elmlər doktoru, professor Sabir Məmmədli verildi.O, informasiya sahəsində birləşmənin əhəmiyyətindən danışdı. Həmçinin sosial şəbəkələrin Azərbaycanın əldə etdiyi uğurlarda, o cümlədən informasiya müharibəsində qazanılan qələbədə mühüm rol oynadığını vurğuladı.

Jurnalistika fakültəsinin dekanı, professor Vüqar Zifəroğlu yeni tələblərin sosial şəbəkə platformalarının məsuliyyətini artırmasına toxundu. Bildirdi ki, platformalar uşaqların hüquqları ilə bağlı təhlükəsizlik standartlarını gücləndirməlidir. Bununla yanaşı yaş məhdudiyyətlərinin effektiv tətbiqi təmin olunmalıdır. 

 

Müzakirə çərçivəsində Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Pərvanə İbrahimovanın yeni çap olunan “Sosial media” dərs vəsaitinin təqdimatı oldu. Çıxış edənlər təqdim olunan nəşrin önəmini xüsusi vurğuladılar. Bildirdilər ki, müasir media mühitində bu kimi vəsaitlər tələbələrlə yanaşı media nümayəndələri üçün də faydalı mənbədir. Kitabda sosial media ilə birlikdə yaranan narsizm, kiberzorakılıq, nifrət nitqi, virtual kimliklər, nəzarət-müşahidə və s. kimi yeni anlayışlara da toxunulması da xüsusi əhəmiyyət kəsb edir.  Sonda tədbir iştirakçıları müəllifə təşəkkür etdilər. 

 

 

Aydan Əsgərxanlı

#tələblər #dərslik #bağlı #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər