00:00:00
Yazar
Lalə Qafarova
26.02.2026 20:19 11 2 dəq oxuma
Media

Sosial mediada azadlıq var, amma limitsiz deyil

 Sosial mediada azadlıq var, amma limitsiz deyil

Sosial media platformalarının geniş yayılması ilə insanların şəxsi şəkillərinin icazəsiz götürülməsi və paylaşılması halları artmaqdadır. Bəzi istifadəçilər başqasına məxsus şəkilləri sosial şəbəkələrdə yaymağın ciddi hüquqi nəticələrə səbəb ola biləcəyini nəzərə almırlar. Halbuki şəxsi həyatın toxunulmazlığı və şəxsi məlumatların qorunması qanunvericiliklə tənzimlənir və icazəsiz istifadə müəyyən hallarda hüquqi məsuliyyət yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında media eksperti Hacıbəy Heydərli bildirib ki, sosial mediada başqasının şəklini onun icazəsi olmadan paylaşmaq qanunla qadağandır:

 

"Bu məsələ həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində konkret maddələrlə tənzimlənir. Şəxsin razılığı olmadan onun fotosunun və ya görüntüsünün paylaşılması qadağandır. Lakin bəzi hallarda insanlar öz şəkillərini kütləvi platformalarda paylaşırlar və media subyektləri həmin fotolardan istifadə edə bilirlər. Əgər söhbət ictimai maraq doğuran və cəmiyyətə tanınmış şəxsdən gedirsə, onun fotosunun yayılması mümkündür. Amma tanınmayan bir şəxs sadəcə öz sosial media profilində şəkil paylaşıbsa, həmin fotonu başqa şəxslərin icazəsiz istifadəsi qadağandır".

 

Sosial media platformalarından istifadə üçün yaş məhdudiyyətlərinin sərtləşdirilməsi məsələsinə də toxunan Hacıbəy Heydərli bildirib ki, bu mövzu dünyanın bir çox ölkəsində artıq müzakirə olunur:

 

"Bir sıra ölkələrdə bununla bağlı dəyişikliklər edilib. Məsələn, Avstraliyada və bəzi digər ölkələrdə 16 yaşa qədər uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb. Bu addım uşaqların zərərli və mənfi məzmunlardan qorunması məqsədi daşıyır. Azərbaycanda da bu məsələ uzun illərdir müzakirə olunur. Hazırda konkret qərar olmasa da, gələcəkdə 16 yaşa qədər şəxslər üçün sosial şəbəkələrə məhdudiyyət tətbiq edilə bilər. Çünki sosial şəbəkələr, təəssüf ki, bəzi hallarda gənclərə mənfi təsir göstərir".

 

Hacıbəy Heydərli sosial şəbəkələrə qeydiyyat zamanı istifadəçilərin şəxsiyyət vəsiqəsi ilə identifikasiya olunması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, Türkiyədə bu mövzu artıq müzakirə mərhələsindədir və yaxın vaxtlarda müvafiq qanunun qəbul ediləcəyi gözlənilir:

 

"Şəxs sosial şəbəkəyə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçərsə, o zaman təhqir və söyüş hallarının azalması mümkündür. İnsanlar fikir bildirərkən daha məsuliyyətli davranarlar. Eyni zamanda, 16 yaşına çatmamış şəxslərin sosial şəbəkə hesabı açmasının qarşısı alınar. Bu dəyişikliklər sosial mediada nəzarətsizliyin və məsuliyyətsizliyin azalmasına səbəb ola bilər. Düşünürəm ki, gələcəkdə bu kimi qaydalar Azərbaycanda da tətbiq edilə bilər. Çünki müşahidə olunur ki, qeyri-etik paylaşımların və təhqiramiz ifadələrin müəllifləri bəzən azyaşlılar olur. Onlar məsuliyyətin fərqində olmadıqları üçün bu cür davranırlar və nəticədə valideynlər cavabdeh olurlar. Valideynlər də övladlarının hansı sosial şəbəkələrdən istifadə etdiyini, nə paylaşdığını və nə izlədiyini diqqətdə saxlamalıdırlar ki, belə halların qarşısı alınsın".

 

Reyhan Quliyeva

#xəbər #azadlıq #mediada #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər