Sosial şəbəkələrdə şəxsi fotoların icazəsiz istifadəsi
Sosial şəbəkələrdə şəxsi fotoların icazəsiz paylaşılması və saxta profillərdə istifadəsi vətəndaşların şəxsi həyatının toxunulmazlığı və hüquqlarının qorunması məsələsini gündəmə gətirir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və hər kəs şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə olunmaq hüququna malikdir:
“Şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilə, foto və video çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.
Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də cəza nəzərdə tutulub. Belə ki, Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Eyni zamanda, həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onlar haqqında rüsvayedici məlumatlar yayma və ya əmlaklarını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu, yaxud əmlak xarakterli digər hərəkətləri tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Hüquqşünasın sözlərinə görə, hüquqları pozulmuş şəxslər onlara dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini də tələb edə bilərlər:
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini, yaxud şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər. Bu zaman həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməlidir.
Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, yaxud şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, həmin məlumatlar müvafiq kütləvi informasiya vasitəsində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilibsə, həmin sənəd dəyişdirilməli və bu barədə maraqlı şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılan fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da vardır.
Fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydalar müvafiq olaraq hüquqi şəxslərin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi cinayət məsuliyyətinə, eyni zamanda mülki məsuliyyətə səbəb ola bilər. Bu əməlləri törətmiş şəxslərin təqsiri məhkəmə qaydasında sübuta yetirilərsə, onlara qanunvericiliklə müəyyən edilmiş qaydada cəza təyin oluna bilər. Eyni zamanda, şəxsi toxunulmazlıq hüququ pozulmuş zərərçəkmiş şəxslərin hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini qarşı tərəfdən tələb etmək hüququ vardır.
Lakin ictimai maraq daşıyan hadisələrin işıqlandırılması, vəzifəli şəxslərin rəsmi fəaliyyəti zamanı çəkilmiş fotoların istifadəsi, şəxsin kütləvi tədbirlərdə ümumi kadrın bir hissəsi kimi görüntülənməsi və qanunla nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri çərçivəsində gizli fotoçəkilişin aparılması kimi hallar müvafiq hüquqi əsaslar olduqda məsuliyyəti istisna edə bilər.
Şəxsi tanımağa imkan verən fotoşəkil, kim tərəfindən və harada paylaşılmasından asılı olmayaraq, fərdi məlumat hesab olunur. Məsələn, “Facebook” sosial şəbəkəsində profilin açıq olması fotonun fərdi məlumat statusunu dəyişmir, yalnız onun əlçatanlığına təsir göstərir.
“Fərdi məlumatlar haqqında” Qanun fərdi məlumatları konfidensial və açıq (ümumi istifadədə olan) məlumatlar kateqoriyalarına ayırır. Şəxsin özü tərəfindən hamının görə biləcəyi şəkildə paylaşılmış foto açıq fərdi məlumat hesab edilə bilər. Bu, adətən, həmin fotoya baxmağın, onu görməyin və paylaşımın özünü, məsələn, “Facebook”un “Share” funksiyası vasitəsilə paylaşmağın mümkün olması deməkdir. Lakin məlumatın açıq olması ondan istənilən məqsədlə istifadə etməyə icazə verilməsi demək deyil. Şəxs fotonu öz profilində özünü təqdim etmək məqsədilə yerləşdirə bilər. Bu isə başqasının həmin fotonu yükləyərək saxta profil yaratmasına, reklam məqsədilə istifadə etməsinə və ya alçaldıcı kontekstdə yaymasına razılıq verdiyi anlamına gəlmir.
Bundan başqa, “Reklam haqqında” Qanunun tələbləri çərçivəsində şəxsin təsvirindən reklam məqsədilə istifadə olunması üçün onun razılığının tələb edildiyi hallar mövcuddur. Fotonun internetdə açıq şəkildə yerləşdirilməsi bu tələbi avtomatik olaraq aradan qaldırmır. Qısacası, açıq profildə yerləşdirilən fotoşəkilin hər kəs üçün əlçatan olması onun istənilən məqsədlə istifadəsinə hüquqi icazə verilməsi demək deyil. Əsas məsələ fotodan hansı məqsədlə və hansı qaydada istifadə olunmasıdır”.
Selcan Xudiyeva