Sosial şəbəkələr və rəy bəlası
Cəmiyyətin gənc bir fərdi olaraq görürəm ki, bu gün sosial şəbəkələr həqiqətən də həyatımızın ayrılmaz bir parçasıdır. Lakin bu xoş auralı yeri tənha səhralığa çevirən və əksər mövzularda neqativ fikirlər ortaya qoyan şəxslər də az deyil. Onlar olmasa, sosial şəbəkə aləmimiz bir qədər də gözəlləşər. Keçim mətləbə.
Bəlkə də "facebook" platformasına ilk dəfə girən, "bir görüm nə var" xarakterli insanların paylaşımlardakı rəyləri bəzən adamı lap özündən çıxardır. Bu cür şəxslər sosial şəbəkələrdə vətəndaş olaraq dövlət, müxalifət mövqeyi sərgiləyirlər. Amma həmin şəxsi araşdırsaq, heç nə öz kimliyini, nə də yaşadığı ölkənin bir atributunu belə tanımır. Heç kim heç kimi qeyri-etik rəy yazmağa sövq edə bilməz, etmir də. Proseslərə rəy yazarkən ilk növbədə bunu kimə, hansı səbəbdən yazdığına diqqət etmək və ən önəmlisi isə fakta əsaslanmaq lazımdır.
Baxın, günümüzün bəlası elə da bundan başlayır.
Çünki bu gün sosial şəbəkə seqmentində yazılan hər bir mənfi rəy və ya fikir cəmiyyətdə sərt, eyni zamanda da qərəzli mövqe yaratmağın bünövrəsini qoyur. Təəssüf ki, hər bir mesajı oxuyub bundan şaiyəli nəticə çıxaranların sayı da en qədərdir.
Bu isə bir növ rəy manipulyasiyasıdır. Bu məqamda ifadə azadlığının tamamilə başqa bir termin olduğunu vurğulamaq istəyirəm. İfadə azadlığı demokratik cəmiyyətin əsas atributudur və hətta onun da öz sərhədləri var.
Son olaraq bildirmək istəyirəm ki, cavabsız qalan hər bir təhdid və ya mənfi rəy qorxudan cavabsız qalmır.
Necə deyərlər: "Abırlı abırından susar, abırsız da mən susdurdum deyər".
Mikayıl Mirzəzadə
