Səudiyyə Ərəbistanı, İran, İsrail münasibətləri
Səudiyyə Ərəbistanı İran ilə münasibətləri normallaşdırarkən digər tərəfdən İsraillə də yaxınlığa yaşıl işıq yandırıb. Birləşmiş Ştatların Yaxın Şərqdəki əsas mütəffiqlərinin bu yaxınlığı Tehran tərəfindən birmənalı qarşılanmayıb. Digər tərəfdən beynəlxalq arenada da Tehrana qarşı təzyiqlər davam edir. İran prezidenti İbrahim Rəisinin Nyu Yorkda BMT Baş Asambleyasındakı çıxışı İran bayrağını dalğalandıran yüzlərlə insanın etirazına səbəb olub.
İrana növbəti zərbə münasibətlərini yenicə normallaşdırmağa başladığı Səudiyyə Ərəbistanından gəlib. Vəliəhd şahzadəsi Məhəmməd bin Salman BŞ-ın "Fox news" televiziyasına müsahibəsində ölkəsinin İsraillə münasibətləri normallaşdırmağa yaxınlaşdığını deyib. Səudiyyə Ərəbistanı lideri xəbərdarlıq edib ki, İran nüvə silahı əldə edərsə, biz də əldə etməliyik. Məlumdur ki, uzun müddətdir düşmən olan İsrail və Səudiyyə Ərəbistanı Vaşinqtonun Yaxın Şərqdəki ən yaxşı müttəfiqləri olan iki regional güc mərkəzidir. İranın nüvə proqramından ehtiyatlanan Bayden administrasiyası onları yaxınlaşdıran tarixi əlaqələrə vasitəçilik etmək cəhdi ilə irəliləyir. Normallaşdırma danışıqları ABŞ-ın təhlükəsizlik zəmanətləri və Ər-Riyadın ehtiyacı olan nüvə yardımı, habelə İsrailin fələstinlilərə mümkün güzəştlərinin müzakirəsini əhatə edir.
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Mhəmməd İbn Salman deyib:
“Bayden administrasiyasının bununla bağlı öz yanaşması var. Ancaq Fələstin məsələsi bizim üçün çox önəmlidir. Bu hissəni həll etməliyik. Danışıqlarımız yaxşı irəliləyir. Hələ də davam edir. Ümid edirik ki, bu danışıqlar fələstinlilərin həyatını asanlaşdıracaq və İsraili Yaxın Şərq oyunçusu kimi müəyyən bir nöqtəyə çatdıracaq”.
"New York Times" isə razılaşmanın detalları ilə bağlı iddialar irəli sürüb. Nəşrin yazdığına görə, Birləşmiş Ştatlar krallığın İsraillə münasibətlərinin normallaşması üçün şərt kimi Səudiyyə Ərəbistanına hərbi əməkdaşlıq sazişi təklif edə bilər. Sözügedən saziş Birləşmiş Ştatların Yaponiya və Cənubi Koreya ilə bağladığı müdafiə paktına bənzədilir. Sənədə görə, krallığın özü və ya digər Yaxın Şərq dövləti üçüncü ölkə tərəfindən hücuma məruz qalacağı təqdirdə ABŞ Səudiyyə Ərəbistanına hərbi dəstək verməyi öhdəsinə götürür. Bundan əlavə, Ər-Riyad hesab edir ki, ABŞ-la müdafiə sazişinin bağlanması krallığı Tehranla münasibətlərin normallaşmasına baxmayaraq İrandan gələn hücumlardan qoruya bilər.
Amerikalı araşdırmaçı jurnalist Peter Tase bildirib ki, Bayden administrasiya Səudiyyə Ərəbistanı ilə aylardır İsraillə münasibətlərin normallaşması barədə danışıqlar aparır. Ən önəmlisi odur ki, razılaşma İsrailin müsəlman dünyasında mövcudluğunu artıracaq. Bu baxımdan İsraillə Səudiyyə Ərəbistanı arasında yaxınlığın baş tutması fundemantal və əhəmiyyəli hadisədir”.
Bu arada, İsrail İran prezidenti İbrahim Rəisinin BMT Baş Assambleyasındakı çıxışını da birmənalı qarşılamayıb. İran prezidenti BMT kürsüsündə çıxış edərkən, İsrail diplomatı Gilad Erdan ötən il polis nəzarətində ölən iranlı qadın Məhsa Əmininin fotoşəkili ilə ayağa qalxıb. İsrailin BMT-dəki səfiri Gilard Erdan İran prezidentinin çıxışını "BMT üçün biabırçılıq" adlandırıb. BMT polisi daha sonra onu iclasın nizamını pozduğuna görə zaldan uzaqlaşdırıb. Rəisi çıxış edərkən həmçinin yüzlərlə iranlı BMT qarşısında etiraz aksiyası keçirib.
Ancaq bütün bunlara baxmayaraq, İran prezidenti Nyu Yorkda hələ ABŞ-ı hədələməkdən də çəkinməyib. Rəisi 2015-ci ildə İranla imzalanmış nüvə sazişinin uğursuzluğunda Vaşinqtonu günahlandırıb. Razılaşmanı amerikalıların tapdaladığını deyib.
İranın İsrail-Səudiyyə Ərəbistanı ilə yaxınlığına reaksiyasına gəlincə, Rəisi bildirib ki, "İsraillə müqavilə bağlayan istənilən ölkə “bu rejimi dəstəkləyir”. Rəisi həmçinin İsrail ilə Fars körfəzi və Şimali Afrikanın bir sıra ərəb dövlətləri arasında münasibətlərin normallaşmasına da münasibət bildirərək deyib ki, “Əgər hər hansı ölkə sionist rejimlə əl sıxarsa, o zaman onunla şərik olar və Fələstin dövlətçiliyinə zərbə vurar". Bu isə o deməkdir ki, Səudiyyə Ərəbistanı bir nöqtədə ya İran, ya da İsrail arasında tezliklə seçim etməlidir.
Vüsalə
