00:00:00
Yazar
Lalə Qafarova
22.04.2026 17:09 55 2 dəq oxuma
Media

"Suflyor sönsə belə..." - Dilarə Səlim Teleradio Akademiyasında peşəkarlıq sirlərini bölüşdü

"Suflyor sönsə belə..." - Dilarə Səlim Teleradio Akademiyasında peşəkarlıq sirlərini bölüşdü

Teleradio Akademiyasında "Mədəniyyət" kanalının direktoru, əməkdar artist, tanınmış teleaparıcı Dilarə Səlim müdavimlərlə görüşdü.


Görüş zamanı təcrübəli teleaparıcı müasir medianın tələbləri və aparıcılıq sənətinin sirləri barədə önəmli məqamlara toxundu.


Dilarə Səlim çıxışında 1990-cı və 2000-ci illərin televiziya mühiti ilə müasir dövrü müqayisə edərək maraqlı bir faktı qeyd etdi. Bildirdi ki, əvvəllər aparıcılar üçün çox sərt çərçivələr mövcud idi və xüsusilə xəbər proqramlarında jestlərdən istifadə etmək, emosiya göstərmək qadağan olunurdu. Müasir televiziya artıq bu baryerləri qırıb və bu gün uğurun əsas faktoru məhz səmimiyyətdir.


Aparıcının efir davranışına toxunan D.Səlim vurğuladı ki, bədən dili insanın danışığı ilə üst-üstə düşməlidir. O, süni hərəkətlərin tamaşaçıda dərhal sual doğurduğunu bildirdi. Əgər aparıcı səmimidirsə, onun dediyi söz ünvanına daha rahat çatır və tamaşaçı ilə lazımi kontakt yaranır.


Teleaparıcı onu da əlavə etdi ki, bu gün televiziyanın ən böyük rəqibi sosial mediadır. Bu rəqabətdə qalib gəlmək üçün isə aparıcının öz imzası, öz tərzi və ən əsası, tamaşaçıya ötürə biləcəyi səmimiyyəti olmalıdır.

 

Dilarə Səlim canlı efirin gözlənilməzliklərindən danışarkən nəzərə çatdırdı ki, fors-major hallar hər an baş verə bilər. Qonağın gəlməməsi, texniki avadanlıqların, hətta suflyorun sıradan çıxması aparıcının peşəkarlığını üzə çıxaran məqamlardır. Müasir dövrdə tamaşaçının etibarını qazanmaq üçün aparıcı mütləq savadlı və mütaliəli olmalı, sosial platformalarda öz media imicini qorumalıdır.

 

Müdavimlərə dünya şöhrətli telejurnalist Larri Kinqin həyatından misal çəkən Dilarə xanım, gənc həmkarlarına daim sual verməyi tövsiyə etdi. O qeyd etdi ki, sual vermək insanı həm formalaşdırır, həm də beyni aktiv tutur. Jurnalistin hər bir sahə ilə - hətta məişət texnikasının işləmə mexanizmi ilə belə maraqlanmasının vacibliyini diqqətə çatdırdı. 


Çıxışının sonunda Dilarə Səlim ən vacib məqamı - daxili təmizlik və enerji ötürücülüyünü xüsusi vurğuladı. Qeyd etdi ki, aparıcı təkcə nitqi ilə deyil, həm də bütün vücudu və daxili enerjisi ilə danışmalıdır:

 

"İçimizə saldığımız neqativ fikirlər, qısqanclıqlar zamanla insanın üzünə və ruhuna yansıyır. İçiniz təmiz olsun ki, ötürdüyünüz enerji də təmiz və inandırıcı olsun. Yalnız daxili və xarici birliyini qoruyan aparıcı şəxsiyyətə çevrilə bilər".

 

Olduqca maraqlı və interaktiv formatda keçən görüşün sonunda Dilarə Səlim müdavimlərin çoxsaylı suallarını cavablandırdı. Səmimi diskussiya şəraitində davam edən təlim gələcək teleaparıcılar üçün real təcrübə mübadiləsi və böyük motivasiya mənbəyinə çevrildi. Gənclərin suallarına özünəməxsus yaradıcı üslubda cavab verən tanınmış aparıcı, onlara peşə fəaliyyətində uğurlar arzuladı.


 

 

Lalə Qafarova

#media #aztv #teleradioakademiyası #gənclər #jurnalistlər #aparıcı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər