Suriya prezidentinin Ağ Evdə Trampla görüşü başlayıb
Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri Suriya prezidentinin Vaşinqtona ilk rəsmi səfəridir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Suriyaya qarşı tətbiq olunan sanksiyaların arxasında birbaşa ABŞ dayanır:
"Suriyada Bəşər Əsəd devrildikdən sonra yeni bir siyasi situasiya yaranıb. Hakimiyyətə gələn siyasi qüvvələr yeni Suriyanın formalaşdırılması, həmçinin ölkənin xarici və daxili siyasətinin yenidən qurulması istiqamətində dəstək xətti başladıb. Suriya prezidentinin Türkiyəyə, oktyabr ayında isə Rusiyaya və Azərbaycana səfərləri olub. O, bir sıra bölgələrə səfərlər edərək Suriyanın xarici siyasətində dövlətin yenidən formalaşdırılması üçün müxtəlif cəhdlər göstərir. Qeyd etmək lazımdır ki, Suriyada ABŞ-nin böyük təsiri var və Bəşər Əsəd rejimi dövründə ABŞ onun devrilməsi üçün fəaliyyət göstərib. Ümumilikdə ABŞ dünyanın iqtisadi və siyasi sistemində söz sahibidir. Bu baxımdan, Suriya Prezidentinin ABŞ-yə səfəri balanslaşdırıcı xarakter daşıyır. Əvvəlcə Moskvaya, ardınca isə Amerikaya edilən səfərlər Suriyada böyük güclərin maraqlarını balanslaşdırmaq niyyəti ilə bağlıdır. Suriyanın yenidən formalaşdırılması üçün ölkənin həm iqtisadi, həm də siyasi dəstəyə ehtiyacı var. Bundan əlavə, ABŞ-nin Suriyanın daxili siyasətinə təsir etmək imkanları da mövcuddur".
Politoloq qeyd edib ki, ABŞ qeyri-rəsmi silahlı dəstələrə dəstək göstərib və bu dəstək vətəndaş müharibəsi dövründə açıq şəkildə hiss olunub:
"ABŞ bu qüvvələrə müxtəlif formada təsir imkanına malikdir. Bu, Suriyanın rəhbərliyinin Amerikaya səfəri bölgədə stabilliyin yaradılması üçün həm siyasi, həm də iqtisadi baxımdan bir cəhddir. Çünki yeni Suriyanın formalaşdırılması və iqtisadiyyatının dirçəldilməsi üçün mütləq şəkildə xarici sərmayələrin cəlb olunması vacibdir. Eyni zamanda, Suriyanın daxilində sabitliyin təmin edilməsi də əsas şərtlərdəndir, ABŞ-yə səfər xüsusi əhəmiyyət daşıyır. Yaxın Şərqdə Suriya ilə İsrail arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu bölgədə İsraili açıq şəkildə siyasi və hərbi baxımdan dəstəkləyən əsas dövlət isə ABŞ-dir. Bu kontekstdə Suriyanın rəhbərinin Vaşinqtona səfəri dolayısı ilə Suriya–İsrail münasibətlərinin normallaşmasına təkan verə bilər. Xüsusilə də, Suriya prezidenti ABŞ-dən tələb edə bilər ki, İsrail Suriyanın daxili işlərinə müdaxilə etməsin və hərbi təxribatlardan uzaq dursun. Lakin burada daha geniş, qlobal bir məsələ də mövcuddur, bu, Ümumdünya Yəhudi Lobbisinin Yaxın Şərqdə “Böyük İsrail” dövləti yaratmaq layihəsidir. Bu layihə çərçivəsində Suriyanın bəzi ərazilərinin də nəzərdə tutulduğu iddia olunur. Məlum olduğu kimi bu layihənin həyata keçirilməsində ABŞ müəyyən mənada dəstək verir. Suriya prezidentinin ABŞ-yə səfərini iki əsas istiqamətdə qiymətləndirmək olar. Birincisi siyasi məqsədlərlə, ikincisi isə iqtisadi sahədə xarici dəstəyi təmin etmək məqsədi ilə. Çünki Suriyada daxili sabitliyin təmin olunması üçün həm beynəlxalq siyasi dəstək, həm də xarici sərmayələrə böyük ehtiyac var".
Politoloq həmçinin bildirib ki, iqtisadiyyatla siyasət arasında birbaşa bağlılıq var:
"İqtisadiyyat siyasətə, siyasət isə iqtisadiyyata təsir edir. Bu iki sahə bir-birini tarazlaşdırmalıdır. Bəşər Əsədin dövründən sonra Suriyada bir xaos vəziyyəti yaranıb. Həm hərbi sahədə qarşıdurmalar, vətəndaş müharibəsi var, həm də ciddi iqtisadi böhran mövcuddur. Bütün bu problemləri qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Hazırkı Suriya prezidentinin həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biri qonşu ölkələrlə, xüsusilə də Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdır. Suriyanın Türkiyə ilə siyasi və iqtisadi sahələrdə əməkdaşlıq qurması bu ölkənin dəstəyini alaraq ölkəni yenidən qurması üçün mühüm addımdır. Eyni zamanda, dünya güclərinin maraqlarını tarazlaşdırmaq məqsədilə Rusiya ilə də əlaqələr inkişaf etdirilir. Rusiyanın Suriyada hərbi bazaları mövcuddur və bu ölkə bölgədə mühüm rol oynayır. Suriya prezidenti hazırda balanslaşdırılan bir siyasət yeridir. Məqsəd bölgədə sabitlik yaratmaq və böyük güclər olan ABŞ və Rusiya arasında yaranacaq toqquşmanın qarşısını almaqdır. Bu kontekstdə Türkiyə faktoru da olduqca vacibdir. Suriyanın prezidentinin ABŞ, Rusiya və Türkiyəyə etdiyi səfərlər bir tərəfdən beynəlxalq siyasi dəstəyi təmin etməyə, digər tərəfdən isə ölkənin iqtisadi dirçəlişi üçün şərait yaratmağa yönəlib. Xüsusilə də ABŞ-yə edilən səfər bu baxımdan önəmlidir. Çünki Suriyaya qarşı tətbiq olunan sanksiyaların arxasında birbaşa ABŞ dayanır.
İqtisadi baxımdan Suriyanın dünya iqtisadi sisteminə inteqrasiyası üçün həmin sanksiyalar aradan qaldırılmalıdır. Bu isə Suriyanın gələcək inkişafı üçün həlledici rol oynaya bilər. Suriyanın hazırkı siyasi hakimiyyətini qeyri-rəsmi silahlı dəstələrlə əlaqələndirmək və terror təşkilatları ilə əməkdaşlıqda ittiham etmək cəhdləri mövcuddur. Prezidentin ABŞ-yə səfəri bu kimi rəyləri aradan qaldırmaq məqsədi də daşıyır.
Bu səfər siyasi, iqtisadi və hərbi sahələrdə bir sıra önəmli faktorları əhatə edir. Xüsusilə də mətbuatda yayılan məlumata əsasən, Suriya Prezidentinin ABŞ generalları ilə basketbol oynaması hərbi sahədə də dialoqun qurulmasının gündəmdə olduğunu göstərir. Birmənalı şəkildə demək olar ki, Suriya Prezidentinin ABŞ-yə səfəri siyasi, iqtisadi və hərbi xarakter daşıyır. Siyasi baxımdan məqsəd Suriyanın böyük güclərlə əməkdaşlığını genişləndirmək, ölkə daxilində siyasi sabitlik yaratmaq və xarici müdaxilələrin qarşısını almaqdır. Səfərin əsas hədəflərindən biri Suriyaya tətbiq olunan sanksiyaların aradan qaldırılması, sabitlik yaradılaraq xarici sərmayələrin cəlb olunması və ölkənin dünya iqtisadi sisteminə inteqrasiyasıdır. Çünki beynəlxalq sistemdə əsas söz sahibi ABŞ-dir və Qərb dünyası, xüsusilə də Avropa Birliyi və NATO, çox zaman ABŞ-nin mövqeyi ilə uzlaşır. Bu baxımdan, Suriya rəhbərinin ABŞ-yə səfəri göstərilən bütün istiqamətlərdə mühüm əhəmiyyət daşıyır".
Səmayə Səftərova
