"Təşəbbüsün reallaşması qarşısında ciddi regional maneələr mövcuddur" - ŞƏRH
İsrail Yaxın Şərqdəki radikal qruplaşmalara qarşı mübarizə məqsədilə qlobal miqyaslı “Altıbucaqlı ittifaqlar” şəbəkəsi qurmağı planlaşdırır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Netanyahunun elan etdiyi “Altıbucaqlı ittifaqlar” şəbəkəsi Yaxın Şərqdə ənənəvi güc mərkəzlərini və mövcud ittifaq sistemlərini köklü şəkildə sarsıda biləcək təşəbbüsdür:
“Bu plan regionda qüvvələr balansını təkcə hərbi müstəvidə deyil, eyni zamanda Hindistan və Aralıq dənizi ölkələrini də cəlb etməklə daha geniş strateji dərinlikdə yenidən formalaşdırmağa xidmət edir. İsrail üçün bu addım Qəzza müharibəsindən sonra yaranmış diplomatik təcridi aradan qaldırmaq, texnoloji üstünlüyünü qlobal tərəfdaşlarla daha da möhkəmləndirmək və özünü radikalizmə qarşı əsas sabitlik qalxanı kimi təqdim etmək cəhdidir. Lakin təşəbbüsün reallaşması qarşısında ciddi regional maneələr mövcuddur. Region ölkələri, xüsusilə ərəb paytaxtları, İranın təhdidlərinə qarşı İsraillə gizli təhlükəsizlik əməkdaşlığına meyilli olsalar da, Fələstin məsələsi həllini tapmadan və daxili ictimai rəyin təzyiqi fonunda bu cür genişmiqyaslı, açıq ittifaqlara qoşulmağa ehtiyatla yanaşırlar. Eyni zamanda, Türkiyə və İran kimi regional güclər bu planı öz maraqlarına qarşı yönəlmiş mühasirə cəhdi kimi qiymətləndirə və əks-addımlar ata bilərlər. Nəticə etibarilə, bu şəbəkə həm İsrailin regional mövqeyini gücləndirmək potensialına malikdir, həm də bölgədə qütbləşməni daha da dərinləşdirərək yeni gərginlik ocaqlarının yaranmasına zəmin yarada bilər”.
Günel Əlili
