00:00:00
Yazar
Admin User
20.11.2025 13:09 125 2 dəq oxuma
Siyasət

Türk Dövlətləri Bakıda toplaşıb: Ədliyyə Nazirləri əməkdaşlığı dərinləşdirir

Türk Dövlətləri Bakıda toplaşıb: Ədliyyə Nazirləri əməkdaşlığı dərinləşdirir

2025-ci il noyabrın 20-də Bakı mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ədliyyə nazirləri Azərbaycanın paytaxtında bir araya gələrək 2-ci rəsmi görüşlərini keçirdilər. Görüş regional hüquqi əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.

 

 Mövzu ilə bağlı "İnformator.az"a verdiyi açıqlamada siyasi şərhçi Aydın Quliyev bildirib ki, türk dövlətləri təşkilatlarının inteqrasiyası bu gün iki əsas faktorun təsiri altında dərinləşməkdədir:

 

"Birinci, türk dövlətləri təşkilatlarına rəhbərlik eləyən dövlət başçılarının və xüsusilə də Azərbaycan prezidentinin təşəbbüskar iradəsi bu məsələdə böyük rol oynayır. İkincisi isə türk dövlətləri başçılarının zirvəsində 4 il əvvəl imzalanan məşhur Qarabağ bəyannaməsinin müddəalarına ardıcıl şəkildə əməl olunmasının bu işdə böyük təsiri var. Qarabağ bəyannaməsində nəzərdə tutulduğu kimi, türk dövlətlərinin bircə Strateji-Məşvərət Şurası ilə bərabər, eyni zamanda ən müxtəlif sahə qurumlarının da öz aralarında əməkdaşlığın dərinləşdirilməsi bir vəzifə kimi qarşıya qoyulub. Konkret desək, tələb olunan müəyyən anlarda türk dövlət təşkilatlarının həm dövlət başçılarının, həm də sahə rəhbərlərinin peşəkar və rəsmi müzakirələrə toplaşması Qarabağ bəyannaməsində göstərilən çox aydın tezislərdən biridir. Eyni zamanda türk dövlətlərinin müxtəlif dövlət qurumları arasında inteqrasiyanın gücləndirilməsi də qarşıya qoyulan vəzifələrdəndir. Bu istiqamətdə yeni-yeni təşkilatlar da yaradılır".

 

Həmçinin siyasi şərhçi bildirib ki, zirvələrin birində türk dövlətlərinin baş nazirlərinin əməkdaşlıq şurası,vitse-prezidentlərinin əməkdaşlıq şurası və s. kimi yeni qurumların yaradılması barədə təşəbbüslər göstərilib:

 

"Bu mənada, Bakıda türk dövlətlərinin ədliyyə qurumları rəhbərlərinin toplantısına da məhz ümumi inteqrasiyanın dönməz prosesi kimi baxmaq lazımdır. Bundan əvvəl Bakıda türk dövlətlərinin xüsusi xidmət orqanlarının, təhlükəsizlik xidməti rəhbərlərinin toplantısı, eləcə də daxili işlər nazirlərinin birgə görüşü keçirilib. Bakıda türk dövlətlərinin ədliyyə nazirlərinin toplantısının keçirilməsi bir daha sübut edir ki, türk dövlətlərinin inteqrasiyası XXI əsrin əvvəllərində ən perspektivli inteqrasiya xətti kimi seçilib. Onun perspektivinə heç kim şübhə edə bilməz, çünki bu inteqrasiyanın möhkəm təməli türk dövlətlərinin tarixi,dini, milli-mənəvi və etnik birliyi ilə artıq çoxdan müəyyənləşib. Bu gün türk dövlətlərinin hüquq sistemlərinin identikləşdirilməsinə, yaxınlaşdırılmasına, bütün sahələrdə türkçülüyün sinxronlaşdırılmasına ehtiyac var: mədəniyyət, dil, siyasi sistemlər, iqtisadi modellər və hüquqi qanunvericilik sahəsində də türk dövlətlərinin yaxınlaşması və vahid modellər yaratması vacibdir.Türk dünyasının gücü yalnız mənəvi birlikdə deyil,bütün sahələr üzrə real inteqrasiya və uyğun modellərin yaradılmasındadır".

 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər