Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradılıb
2025-ci il noyabrın 25-də Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərini bir araya gətirən mühüm tədbir – QHT-lərin Həmrəylik Forumu keçirilib. Forum çərçivəsində ilk dəfə olaraq 8 ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri Birgə Bəyannamə qəbul edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis olunduğunu elan ediblər. Platformaya ilk rəhbərlik Azərbaycanın üzərinə həvalə olunması ölkəmizin vətəndaş cəmiyyətinin regiondakı artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir.
Mövzu ilə bağlı “İnformator”a açıqlamasında siyasi şərhçi,politoloq Rəşad Bayramov bildirib ki, sözsüz ki, Naxçıvanda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu regionda vətəndaş cəmiyyətinin inteqrasiyası və əməkdaşlığı baxımından mühim hadisədir:
"Forum çərçivəsində səkkiz üzv ölkənin QHT-lərinin Birgə Bəyannamə qəbul edərək TDT QHT Platformasının yaradıldığını elan etməsi və Platformaya rəhbərliyin Azərbaycana həvalə olunması isə ölkəmizin vətəndaş cəmiyyətinin regional nüfuzunun artdığını nümayiş etdirməklə yanaşı, həm də Bakının strateji üstünlüklərini önə çıxarır. Qərargahın Bakıda yerləşməsi platformanın fəaliyyətini bir neçə istiqamətdə gücləndirir. Mərkəzi koordinasiya və əlaqələndirmə imkanları artacaq, müxtəlif ölkələrdən gələn QHT-lər layihələrini və proqramlarını Bakıdan idarə etməklə daha səmərəli əməkdaşlıq qura biləcəklər. Azərbaycanın QHT liderliyinə verilmiş etimad ölkəmizin regional təsirini artırır, digər üzv dövlətlərin QHT-ləri ilə dialoq və əməkdaşlıq üçün etibarlı mərkəz yaradır. Platformanın yaradılmasının əsas məqsədi TDT üzv ölkələri arasında vətəndaş cəmiyyətinin institutlaşdırılması, regional əməkdaşlığın gücləndirilməsi və humanitar, sosial və mədəni layihələrin koordinasiyasıdır. QHT-lər birgə layihələr vasitəsilə təcrübə mübadiləsi aparacaq, sosial xidmətlərin və təhsil proqramlarının keyfiyyətini artıracaq və gənclər, qadınlar və müxtəlif icmalar üçün ortaq təşəbbüsləri irəli aparacaqlar. Platforma həmçinin sülh və dialoqun təşviqi üçün mühüm mexanizm rolunu oynamaqla regional konflikt risklərinin azaldılmasına, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcək.
Yeni platforma üzv QHT-lərə bir sıra əlavə imkanlar açır. Şəbəkələşmə, təcrübə mübadiləsi və layihə koordinasiyası ilə yanaşı, platforma vasitəsilə regional qrantlar və beynəlxalq donor dəstəyi əldə etmək mümkün olacaq. QHT-lərin fəaliyyəti rəsmi və beynəlxalq tədbirlərdə daha qabarıq hiss olunacaq ki, bu da onların təsir imkanlarını artıracaq. Bundan əlavə, platforma davamlı dialoq kanalları yaratmaq, Türk Dövlətləri arasında həmrəylik və sosial inteqrasiyanı möhkəmləndirmək baxımından da əhəmiyyətlidir.
Ümumiləşdirərək qeyd edə bilərik ki, bu təşəbbüs, Azərbaycanın vətəndaş cəmiyyətinin nüfuzunu artırmaqla yanaşı Türk Dövlətləri Təşkilatı çərçivəsində sosial və humanitar gündəmi irəli aparmaq üçün mühüm addım olacaq”.
Ədilə Hüseynzadə
