00:00:00
Yazar
Admin User
19.08.2025 17:55 179 2 dəq oxuma
Sosial

Türk dünyasının gəncləri Almatıda birləşir

Türk dünyasının gəncləri Almatıda birləşir

Türk Dünyasının Gənclər Paytaxtı statusu rəmzi olaraq Azərbaycanın Lənkəran şəhərindən Qazaxıstanın Almatı şəhərinə ötürülüb. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev açılış mərasimində iştirak etdiyini bildirərək, bu titula sahib olmağın gənclərin gələcəkdəki rolunu ön plana çıxardığını vurğulayıb.

Baş katibin sözlərinə görə, Almatıda il ərzində gənclərə yönəlmiş müxtəlif tədbirlər təşkil olunacaq, onların yaradıcılığı dəstəklənəcək və təşəbbüslərinin həyata keçirilməsi üçün imkanlar yaradılacaq. O qeyd edib ki, bu təşəbbüs türk dünyası gəncləri arasında birliyin və dostluğun möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbir təkcə rəmzi bir ötürmə aktı deyil, həm də gənclərin mədəni, elmi və sosial sahələrdə daha fəal iştiraka təşviqi kimi qiymətləndirilir. Bu baxımdan Almatı şəhəri türk dünyası gəncliyinin diqqət mərkəzinə çevrilir.

 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev “İnformator.az”a açıqlamasında Türk Dövlətləri Təşkilatının belə tədbirlər keçirməsini olduqca vacib hesab etdiyini bildirib:

 

“Türk Dövlətləri Birliyində bu kimi layihələr çox əhəmiyyətlidir. Gənclər bir nəsil olaraq əsas hədəf qrupudur. Bu, olduqca mütərəqqi bir təşəbbüsdür və göstərir ki, yaxın və orta, eyni zamanda uzunmüddətli perspektivdə Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin gənclərinin dünyagörüşündə və düşüncə tərzində bu coğrafiyanın konsolidasiyası, həmrəyliyi və mədəni, mənəvi, psixoloji yaxınlaşması daha yüksək səviyyəyə yüksələ bilər. Nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatı artıq bu coğrafiyada yeni bir konfiqurasiya kimi formalaşır və təkcə regional deyil, beynəlxalq faktor kimi də önə çıxa bilər”.

 

O, eyni zamanda belə layihələrdə gənclərin fəal dəstəklənməsinin vacibliyini qeyd edib:

 

“Şübhəsiz ki, gənclərin rolu böyükdür, çünki onlar gələcəyin təminatçısıdır. Bu mənada gənclər arasında assosiasiyaların yaradılması Türk dövlətlərinin perspektivi baxımından ümidverici mesaj verir və həm paytaxt şəhərlərin, həm də təşkilata üzv ölkələrin gəncləri arasında möhkəm bağlar qurur. Bu sosial varislik gələcək nəsillərə ötürüləcək. Azərbaycan isə belə layihələrdə lokomotiv rolunu oynamalıdır. Unutmayaq ki, Türk Dövlətləri Təşkilatının əsası da 2009-cu ildə Naxçıvanda məhz Azərbaycan və Türkiyənin təşəbbüsü ilə qoyulub”.

 

Nərgiz Əzizli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər