Türk diplomatiyasının gücünə güvənirik
Ukrayna Dövlət Başçısı Volodimir Zelenski, “Türk diplomatiyasının gücünə və Moskvada anlaşılan olmasına güvənirik”,- deyib.
Zelenski, Prezident Rəcəb Tayyib Ərdoğanla Prezidentlik Külliyəsində keçirilən birgə mətbuat konfransında çıxış edib.
Prezident Ərdoğanla hər zamanki kimi çox səmərəli və əhatəli bir görüş keçirdiyini deyən Zelenski, “Ukrayna olaraq dövlətlərimiz arasındakı etimada çox dəyər veririk. Xüsusilə Türkiyənin Ukraynaya bu qədər önəm verməsi bizim üçün çox vacibdir”,- deyə qiymətləndirib.
Zelenski il ərzində Ərdoğanla daha əvvəl də görüşdüyünü xatırladaraq belə davam edib:
“Türkiyənin dövlətimizə və xalqımıza qarşı aparılan Rusiya müharibəsi ilə bağlı mövqeyi Ukrayna üçün çox önəmlidir. Əməkdaşlığınız üçün təşəkkür etmək istəyirəm. Bu, həqiqətən də var. Həyatlarımızı qorumağımıza kömək edən əməkdaşlıq üçün və Türkiyənin bu faciə, bu Rusiya təcavüzünün bütün əsas elementlərinə qarşı göstərdiyi qəti mövqe üçün təşəkkür edirəm. Türkiyəyə, Ukraynanın müstəqilliyini, suverenliyini dəstəklədiyi üçün təşəkkür etmək istəyirəm”.
Ukraynanın suverenliyini müdafiə etməyin hər kəsin mübarizəsi olduğunu bildirən Zelenski, bunun legitim özünümüdafiə haqqı olduğunu qeyd edib.
Zelenski, “Dünya Rus təcavüzünün nələr gətirdiyini görüb. Şəhərlərimizə yeni bir Rusiya hücumu edilib. Rus pilotsuz döyüş aparatları (PUA) və raketləri birbaşa yaşayış binalarına dəyib”,- deyə ifadə edərək, yalnız Ternopil şəhərində bu hücum nəticəsində 20-dən çox insanın həyatını itirdiyini bildirib.
Həyatını itirənlərin yaxınlarına başsağlığı verən Zelenski, axtarış-xilasetmə işlərinin hələ də davam etdiyini və dağıntılar altında insanların ola biləcəyini qeyd edib.
TRT XƏBƏR
Lalə Qurbanlı