00:00:00
Yazar
Admin User
12.11.2025 18:34 225 2 dəq oxuma
Siyasət

Türkiyə–Azərbaycan ittifaqına yönəlmiş təxribat ehtimalı

Türkiyə–Azərbaycan ittifaqına yönəlmiş təxribat ehtimalı

“Azərbaycan-Gürcüstan sərhədində baş verən helikopter qəzası Türkiyənin regiondakı hərbi fəaliyyətinə heç bir təsir göstərməyəcək. Azərbaycan ilə müttəfiqlik bundan sonra da qaldığı yerdən davam edəcək".

 

Bu sözləri “İnformator.az”-a açıqlamasında politoloq Natiq Miri deyib.

 

Onun sözlərinə görə, təxribat ehtimalı özünü doğrultsa belə, burada əsas məqsədlərdən biri Türkiyə-Azərbaycan arasındakı qardaşlıq və müttəfiqlik münasibətlərini pozmaqdır:

 

“Çünki Azərbaycan, Türkiyə və Pakistanın birgə zəfər paradı regional və qlobal güc mərkəzlərinə birgə müttəfiqlik və qardaşlıq nümayişi idi. Bu, bəzi regional və qlobal dairələri narahat edə bilərdi. Ancaq Türkiyənin belə hadisələrdən qorxması və ya geri çəkilməsi reallığa uyğun deyil. Türkiyənin Azərbaycanla qardaşlığı və münasibətləri davamlıdır, əbədidir və hərbi fəaliyyət kontekstində heç bir azalma müşahidə olunmayacaq",- deyə o bildirib.

 

Politoloq Türkiyə-Gürcüstan münasibətlərinin gələcək vəziyyətindən də danışıb:

 

“Gürcüstanla əməkdaşlığın gələcəyi daha çox qəzanın səbəbləri tam aydınlaşdıqdan sonra bəlli olacaq. Əgər ehtimal olunan təxribatlar zamanı Gürcüstanın birbaşa rolu olduğu təsdiqlənərsə, bu, Türkiyə-Gürcüstan münasibətlərinə ciddi xələl gətirə bilər. Hələlik hadisənin təxribat və ya hücum olma ehtimalı barədə söylənilənlər fərziyyədir. Bu baxımdan Türkiyənin Milli Müdafiə Nazirliyi ciddi dövlət strukturu olduğu üçün ehtimallara görə hər hansı fərziyyə irəli sürmür. Artıq helikopterin qara qutusu tapılıb, araşdırmadan sonra qəzanın əsas səbəbləri aydınlaşacaq. Lakin bunun da bəzən kifayət etməyə biləcəyini qeyd etmək lazımdır - məsələn, partlayış olub-olmaması və qəza anında pilotların vəziyyəti kimi amillər çox şeyi müəyyən edə bilər. Bu səbəbdən qara qutunun qəzanın tam açılmasına hər zaman kifayət etməsi barədə öncədən demək düzgün olmaz. Qara qutu açıldıqdan və digər parçalar ciddi şəkildə təhlil edildikdən sonra konkret fikirlər söyləmək mümkün olacaq.

Əgər bu təxribatdırsa, məqsəd Türkiyə, Azərbaycan və Pakistan birliyini qəbul etməyən dairələrin bu güc nümayişini zəiflətməkdir. İndiki vəziyyətdə isə hər hansı bir faktı təsdiq edəcək inandırıcı sübut yoxdur. Buna görə də əvvəlcədən fərziyyələr irəli sürərək bəzi tərəfləri ittiham etmək düzgün deyil - belə addımlar dövlətlərarası münasibətlərə ciddi zərər verə bilər".

 

“İyirmi nəfər Türkiyə vətəndaşı şəhid olub. Bu adi hadisə deyil ! Əgər sübut olunarsa, qəsd məqsədli bir hərəkət olduğu halda ciddi məsuliyyət olacaq. Türkiyə elə dövlətdir ki, cinayətkarı cəzasız qoymayacaq",- deyə o fikirlərini yekunlaşdırıb.

 

Aytən Əhmədova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər