“Türkiyə Azərbaycanla qurduğu münasibətləri başqa heç bir ölkə ilə qurmayıb”
"İkitərəfli münasibətlər kontekstində Türkiyə Azərbaycanla qurduğu münasibətləri başqa heç bir ölkə ilə qurmayıb".
Bunu SETA Proqram direktoru Muhittin Ataman Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev “İnformator.az”a açıqlamasında bildirib ki, həqiqətən də, Azərbaycan - Türkiyə münasibətləri xarakteri etibarilə dünyada heç bir ikitərəfli əməkdaşlıq formatı ilə müqayisə oluna bilməz:
“Azərbaycanla Türkiyə kimi dini bir, dili bir, tarixi eyni olan, amma Azərbaycanla Türkiyə qədər yaxın münasibətlər quran ölkələr çox deyil. Elə ölkələr var ki, həqiqətən Azərbaycanla Türkiyə kimi dili də birdir, mədəniyyəti də birdir, tarixi də birdir, eyni coğrafi problemlərlə yaşayırlar. Ancaq Azərbaycanla Türkiyə qədər yaxın deyillər. Azərbaycanla Türkiyənin bu gün ikitərəfli əməkdaşlıq formatı bütün qlobal aləm üçün unikal bir təzahürdür. Onun imkanlarını və perspektivlərini, hətta Azərbaycan Türkiyə münasibətlərindən məmnun qalmayan qüvvələr də görürlər. Azərbaycanla Türkiyənin birliyi həm geosiyasi reallıqların üzərində dayanır, həm də tarixi, milli, dini, etnik dəyərlərin üstündə formalaşıb. Onun möhkəmliyi də bundadır. Bu iki ölkənin qardaşlığı üçün zərurət yaradan hər hansı bir siyasi amil yoxdur. Bu iki ölkənin qardaşlığını birinci növbədə təyin edən onların tarixi, milli, dini, etnik birliyi idi. İkincisi isə ölkələr məhz bunun üzərində geosiyasi reallıqları da nəzərə alaraq strateji əbədi bir müttəfiqlik qurublar.
Qarabağ müharibəsindən sonra münasibətlər təbii ki, yeni mərhələyə daxil olub. Qarabağ müharibəsinə qədər Azərbaycanın və Türkiyənin qardaşlığından, əməkdaşlığından yalnız müəyyən səviyyələrə qədər danışmaq mümkün idi, iqtisadi əlaqələr, ticarət əlaqələri, humanitar əlaqələr sahəsində iki ölkənin münasibətlərində bizi məmnun edən səviyyə var idi. Ancaq müharibədən sonra Azərbaycan Türkiyə qardaşlığının həm yeni istiqamətləri, həm də yeni səviyyələri meydana çıxdı. Şuşa bəyannaməsində iki ölkənin həm cari dövrdə, həm də strateji olaraq perspektivdə əməkdaşlığını müəyyən edən yeni istiqamətlər ortaya qoyuldu. Hazırda, hətta iki ölkənin Hərbi Müdafiə İttifaqından və blokundan danışan ekspertlər də var. Yəni münasibətlər o qədər yaxınlaşıb, o qədər yeni bir mərhələdir ki, bu mərhələnin məntiqi nəticəsi olaraq iki ölkənin daha yaxın hərbi müttəfiqlik müqaviləsinin belə imzalanacağı barədə danışanlar var. Bu da təsadüfi deyil, Türkiyə Azərbaycan əməkdaş perspektivdə daha yeni müttəfiqlik formatları göstərir. Yəqin ki, hər iki ölkənin rəhbərliyi, proseslər davam etdikcə iki ölkənin müttəfiqliyini dərinləşdirən yeni-yeni sazişlər və əməkdaşlıq formatları ortaya qoyacaqlar.
Zəngəzur dəhlizinin açılması təbii ki, iki ölkənin münasibətlərində yeni bir mərhələ deməkdir. Bu Zəngəzur dəhlizi Azərbaycanı və Türkiyəni artıq bir-birinə bağlayan yeni bir coğrafi seqment deməkdir. Bu, təkcə iki ölkənin iqtisadi, ticarət əlaqələrinin gücləndirilməsinə yeni imkanlar açan yeni bir marşrut deyil, eyni zamanda iki ölkənin arasında coğrafi bağlılığı yaradan bir marşrutdur. Zəngəzur dəhlizinin açdığı imkanlardan həm Türkiyənin, həm də Azərbaycanın böyük iqtisadi maraqlarının reallaşma imkanları mövcuddur. Eyni zamanda, iki ölkə Zəngəzur dəhlizinin açılması ilə 100 ilə yaxın bir müddət ərzində bu bölgəni parçalanmış bir ziyanlı elementi ortadan qaldırmış olurlar “.
Reyhan Quliyeva
