“Türkiyə Fələstinə yardımlarını daha da artıracaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinə humanitar yardımlarını artıracağını və Qəzza xalqını tək qoymayacağını bildirib. Son iki ildə Qəzzaya göndərilən yardım 105 min tona yaxınlaşıb, ötən həftə isə 1 300 tonluq yardım gəmisinin Misir limanına çatdığı qeyd olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Prof. Dr. Hasan Oktay KAFKASSAM başkanı bildirib ki, Fələstin məsələsində İslam dünyasında metodoloji bir yanaşma problemi mövcuddur:
“1979-cu ildə İranda Xomeyni iqtidara gəldikdən sonra həyata keçirdiyi inqilabın İranda möhkəmlənməsi və İran inqilabını ixrac edə bilməsi üçün İslam dünyasında bir formul tapması lazım idi. Bu mənada Qüds-Fələstin məsələsi İran üçün axtarıb tapıla bilməyəcək dərəcədə mühüm bir arqument kimi kəşf edildi. İran bu iki anlayışdan istifadə edərək öz sistemini İslam dünyasına ixrac etməyə çalışarkən, buna qarşılıq olaraq sünni İslam dünyasında İranla Fələstin məsələsinə sahib çıxmaq mövzusunda guya bir rəqabət yarandı. Türkiyə də bu yarışda geri qalmadığı kimi, Yaxın Şərq reallıqlarını İranın mövqeyi üzərindən anlamağa çalışdığı üçün burada məsələ problemin həlli yox, problem üzərindən nüfuz qazanma mübarizəsinə çevrildi. Türkiyənin Yaxın Şərq prioritetləri ilə İranın Yaxın Şərq prioritetləri, İranın Yaxın Şərqdəki keçmişi ilə Türkiyənin Yaxın Şərqdəki keçmişi müqayisə edilə bilməyəcək dərəcədə fərqli olmasına baxmayaraq, Türkiyə tarixi reallıqları bir kənara qoyaraq İran rejimi ilə girdiyi bu rəqabətdə böyük bir çıxmaza düşdü. 7 oktyabr 2023-cü ildə Türkiyə-İsrail yaxınlaşmasının qarşısını almaq üçün HƏMAS İran və Rusiyanı İsrailə hücum etdirdi. Bu fikrimizi təsdiqləmək üçün qeyd edək ki, 20 sentyabr 2023-cü ildə BMT toplantısı üçün Nyu-Yorkda olan Ərdoğan və Netanyahu münasibətləri səfirlik səviyyəsinə qaldıra bilmək üçün görüşlər keçirmişdilər. Bununla yanaşı, Türkiyə Misir, Cənubi Kipr, İsrail və Yunanıstanla Şərqi Aralıq dənizi enerji resurslarının çıxarılaraq Türkiyə üzərindən Avropaya nəqli mövzusunda da ilkin danışıqlar aparmışdı “.
Eyni zamanda, Hasan Oktay vurğulayıb ki, İran və Rusiya enerji silahının əllərindən alınacağı narahatlığı ilə 7 oktyabr 2023-cü ildə HƏMAS-ı İsrailə hücum etdirmiş və Türkiyə-İsrail münasibətlərini pozmuşdular:
“İran və Rusiyanın bu addımı iki dövləti Suriyadan təmizləmişdir. Türkiyə Yaxın Şərqdə balanslı bir siyasət yürütməli olduğu halda, HƏMAS hücumundan sonra yaranan qarışıqlıqda Türkiyə-İsrail münasibətləri xeyli gərginləşdiyi kimi, İsrailin Qəzzada həyata keçirdiyi qətliam qarşısında Türkiyə bölgədə humanitar yardım göstərməkdən başqa hər hansı təsirli fəaliyyət göstərmək imkanını itirdi. Fələstin xalqına, Qəzza xalqına Türkiyə həqiqətən insani baxımdan edilə biləcək bütün yardımları həyata keçirə bilir. Bu da Türkiyənin humanist yönünü ortaya qoyur, lakin digər tərəfdən, Türkiyə imperiyalar qurmuş və Yaxın Şərqdə çox təsirli olması gərəkən bir strategiya tətbiq etməli olduğu halda, hazırda Türkiyə ilə bağlı bir narahatlıq və çəkingənlik mövcuddur. Bu isə Türkiyənin tarixi və dövlət toplumundan çox, hökumət siyasətləri ilə bağlı bir kövrəklik olduğunu göstərir. Türkiyə Yaxın Şərqdəki proseslərlə bağlı bir söz dedikdə, o sözün gerçəkləşməsi lazım idi “.
Reyhan Quliyeva
