Türkiyə ilə iki əsas məsələni müzakirə etdik
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Türkiyə rəsmiləri ilə əsirlərin mübadiləsi və müdafiə sahəsində əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib, bu barədə Umerov Teleqram hesabında məlumat verib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, Türkiyə–Ukrayna münasibətlərinin inkişafı Qərb üçün də əlverişlidir:
"Təhlükəsizlik sahəsində əməkdaşlığın genişlənməsi bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Müdafiə istiqamətində birgə fəaliyyət həm Türkiyə, həm də Ukrayna üçün, xüsusilə indiki dövrdə, əlverişli fürsətdir. Eyni zamanda, əsir mübadiləsində Türkiyənin rolu Rusiya–Ukrayna münaqişəsinin nizamlanmasında onun vasitəçilik missiyasının davam etdiyini göstərir. Bu istiqamətdə atılan addımlar sülh prosesinə real töhfə verə bilər. Belə ki, əsir mübadiləsi gələcək danışıqların, hətta razılaşmaların başlanğıc nöqtəsi ola bilər. Ukraynanın Türkiyə ilə əlaqələrinin möhkəmlənməsi, ümumilikdə, müharibənin daha qısa müddətdə başa çatmasına təkan verə bilər. Təhlükəsizlik məsələləri üzrə qarşılıqlı münasibətlərin qurulması və inkişafı xüsusi önəm daşıyır. Müdafiə sahəsində görülən işlər isə regionda Türkiyənin təsirini və üstün mövqeyini daha da gücləndirəcək. Bu, müəyyən mənada Rusiyanın narahatlığına səbəb olsa da, Türkiyənin balanslı siyasəti gərginliyin artmasının qarşısını alacaq. Ümumilikdə, bu proseslər nəticəsində atılan müsbət addımlar münaqişənin həllinə doğru Türkiyənin verdiyi mühüm töhfələr kimi dəyərləndirilə bilər".
Qəmər Kazımzadə
