Türkiyə MN
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) son dövrlərdə Türkiyə hava məkanına daxil olan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı narahatlığını ifadə edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, dünya hərb tarixində pilotsuz uçuş aparatlarından (PUA) istifadənin geniş yayılması özünü ilk dəfə açıq şəkildə 2-ci Qarabağ müharibəsində göstərib:
"Bu, artıq dünya hərb tarixinə düşən bir mərhələdir. Həmin dövrdən etibarən “dron müharibəsi” termini meydana çıxıb. Rus-Ukrayna müharibəsindən əvvəl bu texnologiyanın real döyüş şəraitində tətbiq olunduğu ilk böyük müharibə məhz 2-ci Qarabağ müharibəsi oldu və bu baxımdan Azərbaycan bu sahədə bir ilkə imza atıb.
Rus-Ukrayna müharibəsi artıq təxminən 3 ildir davam edir. Bu müddət ərzində tərəflər təkcə ənənəvi quru əməliyyatlarına deyil, eyni zamanda müasir texnologiyalara, o cümlədən, PUA-lara geniş şəkildə müraciət edirlər. PUA-ların müxtəlif növləri var: kamikadze dronlar, kəşfiyyat xarakterli dronlar və s. Bu cihazlar həm effektiv, həm də nisbətən ucuz başa gəlir. Məsələn, bir kamikadze dronu bir zavodu və ya mühüm hərbi hədəfi məhv edə bilər və içində canlı qüvvə olmadığı üçün şəxsi itkilər də minimuma enir.
Bununla yanaşı, dronların istifadə olunduğu sahələrə bunkerlər, müdafiə istehkamları, tikililər və digər strateji obyektlər daxildir. Bu texnologiyalarla ayaqlaşmaq, uyğunlaşmaq və qarşısında adekvat, preventiv tədbirlər görmək müasir ordular üçün vacib hala çevrilib.
Texnologiya nə qədər inkişaf etsə də, artıq dünya nizami dəyişir. Siyasi oyunçular yeni güc mərkəzlərini seçməyə məcbur qalır. Düşünürəm ki, mövcud vəziyyət bizi daha genişmiqyaslı bir müharibənin astanasına yaxınlaşdırır. Rusiya-Ukrayna müharibəsinin yekunlaşacağı ilə bağlı fikirlər səslənsə də, mən yenə də yeni bir böyük müharibə ehtimalını istisna etmirəm.
Dünyanın təhlükəsizliyinə zəmanət verən əvvəlki hərbi ittifaqların təsir gücü zəifləyib. Avropada geosiyasi parçalanmalar və ziddiyyətlər dərinləşir. Belə bir şəraitdə hərbi əməkdaşlıqlar daha da güclənir və bu prosesə əsas təkan verən amillərdən biri də məhz texnologiyanın, xüsusilə, PUA texnologiyasının sürətli tətbiqidir".
Aişə Mustafayeva
