“Türkiyə NATO üzvü qismində kifayət qədər güclü imkanlara malikdir”
Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının dünyaya meydan oxuyan ABŞ-İsrail koalisiyasına qarşı “Türkiyə-Rusiya-Çin ittifaqı qurulsun” təklifi qardaş ölkədə geniş əks-səda doğurub. Türkiyə tarix boyu Rusiya və Çinlə ittifaq içində olmayıb. Ancaq dünyada reallıqlar sürətlə dəyişir və dünənə qədər rəqib olan dövlətlər tərəfdaşlara, tərəfdaş olan dövlətlər isə tərsinə rəqibə, hətta düşmənə çevrilir.
Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyası liderinin təklifinə Türkiyənin NATO-dan üz döndərməsi və ya Rusiya və Çinlə birgə İttifaq yaratmaq niyyəti kimi baxmaq düzgün olmazdı:
“Düzdür MHP hakim partiya olan AKP-nin müttəfiqi qismində çıxış edir və bir sıra hallarda hakimiyyətin demək istədikləri ilk olaraq məhz Baxçalı vasitəsilə ictimai müzakirələrə çıxarılır, amma bu hələ Türkiyənin bu istiqamətdə hansısa addımlar atmağa hazırlaşması demək deyil. Məlumdur ki, Türkiyə NATO üzvü qismində kifayət qədər güclü imkanlara malikdir və digər tərəfdən də bu ölkə hələ də Avropa İttifaqı üzvlüyü üçün mübarizə aparır. Bir müddət əvvəl Türkiyə Xarici İşlər Naziri Hakan Fidan da Türkiyənin Avropa Birliyi üzvlüyündən imtina etmədiyini açıq şəkildə bəyan edib. Odur ki, indi MHP lideri Baxçalıdan səslənən təklifə faktiki olaraq ABŞ-yə və Avropa İttifaqına verilmiş mesaj kimi baxmaq lazımdır. ABŞ hələ də Türkiyənin bütün təkidlərinə baxmayaraq bu ölkənin F-35 proqramına qaytarılması və rəsmi Ankaranın tələb etdiyi döyüş təyyarələrinin və hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satılması istiqamətində konkret addımlar atmayıb. Eyni şəkildə Avropa İttifaqı da Türkiyənin üzvlüyü üçün yaşıl işıq yandırmaqdan hələ ki, imtina edir. Xüsusilə indiki mərhələdə, yəni ABŞ-nin Avropa Birliyi üçün təhlükəsizlik çətiri rolunda çıxış etməkdən imtina edə biləcəyinə dair bəyanatlar fonunda Türkiyə Avropaya heç vaxt olmadığı qədər daha çox lazımdır. Və Ankara da Baxçalı vasitəsilə bu cür təklifləri səsləndirməklə həmin qüvvələri bu istiqamətdə müvafiq addımlar atmağa məcbur etmək istəyir. Çünki həm ABŞ, həm də Avropa İttifaqı anlayır ki, Türkiyə kimi bir dövlətin Çin və Rusiyanın yanında olması onlar üçün əlavə problemlər yarada bilər”.
Aysel Mirzəyeva