Türkiyə Suriyada əməliyyata hazırlaşıb
Suriyada PKK terror təşkilatının qanadı olan SDQ-yə qarşı hərbi əməliyyatın keçirilməsi gündəmə gəlib. Türkiyənin “Haber7.com” saytının yaydığı məlumata görə, 10 mart razılaşmasının icrası üçün müəyyən edilən müddətin başa çatmasına baxmayaraq, SDQ üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib və bu, yeni hərbi addımların atılmasını mümkün edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Xəqani Cəfərli bildirib ki, Türkiyənin Suriyada PKK terror təşkilatının qolu olan SDQ-yə qarşı hərbi əməliyyat keçirməsi heç nəyi dəyişməyəcək:
"Əksinə, vəziyyət Türkiyənin əleyhinə daha da dərinləşəcək. Ümumiyyətlə, Suriyada baş verən proseslərdən asılı olmayaraq, hadisələrin Türkiyənin ziyanına inkişaf edəcəyi artıq aydın görünür. Çünki Türkiyənin 2011-ci ildə buraxdığı kobud səhv çox dərinə işləyib və geri dönməz xarakter alıb. Əgər Türkiyə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin PKK-ya qarşı birgə əməliyyat keçirmək təklifini qəti şəkildə rədd etməsəydi, PKK bu qədər güclənməz, əksinə, ciddi şəkildə zəiflədilmiş olardı. Bu gün Türkiyədə iqtidarda olan Cümhuriyyət İttifaqının əsas ortaqlarından biri - Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin PKK terror təşkilatının başçısı Abdullah Öcalanı “qurucu lider” adlandırması PKK-nın legitimləşdirilməsi anlamına gəlir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü Türk–Kürd–Ərəb birliyi ideyası milli dövlət konsepsiyasına və onun ruhuna ciddi zərbə vurub. Bu zədələrin bərpası artıq mümkün deyil. Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsinin faydasından daha çox zərər gətirəcəyini düşündürən digər mühüm məqam isə Suriyada ələvilərə qarşı qətliamların davam etməsidir. Bu vəziyyət Türkiyənin daxili birliyini də son dərəcə ciddi şəkildə təhdid edir. Bütün bunlar onu göstərir ki, Türkiyə iqtidarının illər əvvəl məzhəbçi baxışlar əsasında yürütdüyü siyasət çox dərin yaralar açıb və bu yaraları hərbi əməliyyatlarla bağlamaq mümkün deyil".
Qəmər Kazımzadə
